00:00:00
Yazar
Aysel Mirzəyeva
01.03.2026 18:15 82 2 dəq oxuma
Siyasət Özəl

Xameneinin ölümündən sonra Pakistan küçələrində gərginlik baş verib

Xameneinin ölümündən sonra Pakistan küçələrində gərginlik baş verib

İranın dini lideri Əli Xameneinin ölümündən sonra Pakistanda etirazçılar ABŞ-nin Karaçidəki konsulluğuna hücum ediblər. Məlumata görə, Karaçidə İrana qarşı son hərbi hücumlardan qəzəblənən bir qrup etirazçı ABŞ konsulluğunun pəncərələrini sındırıblar.

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Əli Xameneinin ölümündən sonra regionda yaranan emosional dalğa artıq Pakistanın daxili siyasi mühitinə də sirayət edib:

 

“Karaçidəki insident göstərir ki, İranla dini-ideoloji bağlılığı olan qruplar küçə səviyyəsində mobilizasiya potensialına malikdir. Bu, xüsusilə dini partiyaların və anti-Qərb ritorikasından istifadə edən siyasi qüvvələrin mövqeyini müvəqqəti gücləndirə bilər. Hökumət isə bir tərəfdən ictimai qəzəbi nəzarətdə saxlamaq, digər tərəfdən isə təhlükəsizlik aparatının legitimliyini qorumaq dilemması ilə üzləşir. Əgər etirazlar davamlı xarakter alarsa, hakimiyyət daha sərt təhlükəsizlik tədbirlərinə əl ata bilər ki, bu da siyasi müxalifətin “repressiya” narrativini gücləndirə bilər. Nəticədə hadisə Pakistan daxilində dini-siyasi spektrin yenidən qütbləşməsinə səbəb ola bilər. İkinci mühüm xətt isə xarici siyasət müstəvisində formalaşır. Karaçidəki ABŞ konsulluğuna hücum Vaşinqton-İslamabad münasibətlərində əlavə gərginlik yarada bilər, xüsusilə də təhlükəsizlik əməkdaşlığı və iqtisadi proqramlar kontekstində. Eyni zamanda Pakistan İranla sərhəd təhlükəsizliyi və enerji əməkdaşlığı baxımından həssas mövqedədir. Açıq anti-ABŞ xəttinə keçmək onun strateji balans siyasətinə zidd olar. Rəsmi İslamabadın ehtimal olunan addımı situasiyanı hüquq-mühafizə çərçivəsində təqdim etmək, diplomatik kanallarla Vaşinqtona təhlükəsizlik zəmanəti vermək və paralel olaraq Tehranla münasibətlərdə neytral ritorikanı qorumaq ola bilər. Lakin regionda artıq eskalasiya dinamikası formalaşarsa, Pakistan üçtərəfli təzyiq altında qalaraq daha mürəkkəb seçimlərlə üzləşə bilər. Bu hadisə Cənubi Asiyada təhlükəsizlik arxitekturasının nə qədər həssas olduğunu bir daha göstərir”.


Nuray Əliyeva

#azərbaycan #gündəm #baş #ölümündən
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər