Xameneinin "qisas" bəyanatı: real hədə, yoxsa siyasi mesaj?
Yaxın Şərqdə son hərbi qarşıdurmaların yaratdığı gərginlik fonunda İran rəhbərliyindən diqqətçəkən açıqlamalar səslənməkdə davam edir. İranın Ali rəhbəri Müctəba Xamenei son müharibələrdə həlak olanların qisasının alınacağını bəyan edərək, ABŞ və İsraili hədəf göstərib. Onun sözlərinə görə, bu məsələ hər hansı hökumətin fəaliyyətindən asılı deyil və zamanından asılı olmayaraq həyata keçiriləcək. Bu açıqlama regionda təhlükəsizlik və geosiyasi vəziyyətlə bağlı yeni müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, Müctəba Xameneinin ABŞ və İsraildən qisas alınacağına dair bəyanatı ilk növbədə həm daxili auditoriyaya, həm də xarici rəqiblərə ünvanlanan siyasi-psixoloji mesajdır:
“Bu açıqlama İran rəhbərliyinin son hərbi zərbələri və əvvəlki ali rəhbər Əli Xameneinin ölümü qarşısında cavabsız görünmək istəmədiyini göstərir. Lakin “qisas” anlayışı mütləq genişmiqyaslı və birbaşa müharibə demək deyil. Tehran ABŞ və İsrailə açıq hücumun daha ağır hərbi cavab doğura biləcəyini anlayır. Buna görə İranın cavabı mərhələli, məhdud və məsuliyyəti birbaşa üzərinə götürməyə imkan verməyən formada həyata keçirilə bilər. Hazırkı qarşılıqlı zərbələr və Hörmüz boğazı ətrafındakı gərginlik isə hər hansı yanlış hesablamanın daha böyük qarşıdurmaya çevrilməsi riskini artırır. İranın növbəti addımları sırasında regiondakı müttəfiq silahlı qrupların fəallaşdırılması, İsrail və ABŞ obyektlərinə qarşı kiberhücumlar, Hörmüz boğazında gəmiçiliyə təzyiq, eləcə də məhdud raket və dron əməliyyatları ola bilər. Tehran, böyük ehtimalla, həm qisas görüntüsü yaratmağa, həm də tammiqyaslı müharibədən yayınmağa çalışacaq. Bununla belə, ABŞ bazalarına, İsrail ərazisinə və ya mülki gəmiçiliyə qarşı ciddi hücum yeni və daha sərt cavab dalğasına səbəb ola bilər. Buna görə Xameneinin bəyanatı yalnız ritorika kimi qiymətləndirilməməlidir, amma onun dərhal genişmiqyaslı hücum qərarı kimi qəbul edilməsi də doğru olmaz. Ən real ssenari İranın təzyiqi müxtəlif coğrafiyalarda və fərqli vasitələrlə tədricən artırmasıdır".
Mehriban Yariyeva