Xaricdə ali təhsil alanlar üçün peşə tanınması imtahanının tarixi açıqlanıb
Xarici ölkələrdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan sentyabrın 29-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda keçiriləcək. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə kvalifikasiyanın tanınması üçün namizədlərin imtahanda müvəffəqiyyət qazanması tələb olunur. İştirakçılara 30 test tapşırığı təqdim ediləcək və imtahanda uğur qazanmaq üçün ən azı 15 bal toplamaq lazımdır.
Mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli “İnformator.az”a açıqlamasında bildirib ki, əsas məqsəd xaricdə təhsil almış şəxslər üçün əlavə maneə yaratmaq deyil, peşə fəaliyyətinin keyfiyyətini və təhlükəsizliyini təmin etmək olmalıdır:
“Xaricdə ali təhsil almış şəxslərin müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə kvalifikasiyaların tanınması üçün peşə tanınması imtahanının tətbiqini ümumilikdə məqsədəuyğun hesab edirəm. Çünki burada söhbət yalnız diplomun tanınmasından deyil, həmin şəxsin Azərbaycanda konkret peşə üzrə fəaliyyət göstərməsi üçün zəruri olan bilik və bacarıqlara malik olub-olmaması müəyyənləşdirilməsindən gedir. Xüsusilə müəllimlik, mühəndislik və hüquq kimi birbaşa insan həyatına, təhlükəsizliyinə, hüquqlarına və cəmiyyətə təsir edən peşələrdə vahid peşə standartlarının qorunması vacibdir. Xaricdə nüfuzlu universitetdə təhsil almaq mühüm üstünlükdür, lakin müxtəlif ölkələrin təhsil proqramları, kurikulumları və peşə tələbləri bir-birindən fərqlənə bilər. Ona görə də, şəxsin əldə etdiyi kvalifikasiyanın Azərbaycan reallığında və yerli peşə standartları çərçivəsində tətbiq oluna bilməsi ayrıca qiymətləndirilə bilər. Burada əsas məqsəd xaricdə təhsil almış şəxslər üçün əlavə maneə yaratmaq deyil, peşə fəaliyyətinin keyfiyyətini və təhlükəsizliyini təmin etmək olmalıdır. İmtahanın 30 test tapşırığından ibarət olması, düzgün cavabların 1 balla qiymətləndirilməsi, səhv cavabın 0,25 balla mənfi qiymətləndirilməsi və keçid balının 50%-in üzərində, yəni 15 bal müəyyənləşdirilməsi də müəyyən məntiqə əsaslanır. 30 sual üzrə minimum 15 bal tələb olunması namizədin ən azı 50%-lik nəticə göstərməsini nəzərdə tutur. Səhv cavaba görə mənfi bal tətbiq olunması namizədin suallara təsadüfi cavab verməsinin qarşısını almaq baxımından başa düşüləndir. Amma, məncə, burada yalnız rəqəmlərin özünə deyil, imtahanın məzmununa və sualların keyfiyyətinə də diqqət yetirmək lazımdır. Əsas məsələ odur ki, 30 sual həmin şəxsin real peşə hazırlığını nə dərəcədə obyektiv ölçə bilir? Suallar ixtisasın mahiyyətinə uyğun, praktiki fəaliyyətlə əlaqəli və müxtəlif səviyyəli olmalıdır. Keçid ballarının müəyyənləşdirilməsi də mümkün qədər obyektiv meyarlara və əvvəlcədən aydın şəkildə əsaslandırılmış qiymətləndirmə mexanizminə söykənməlidir. Xaricdə təhsil almış şəxslər isə hazırlıq zamanı ilk növbədə öz ixtisasları üzrə baza biliklərini sistemləşdirməli, Azərbaycan üzrə mövcud normativ tələbləri və peşə standartlarını nəzərdən keçirməli, eyni zamanda məntiq və digər qiymətləndirilən istiqamətlər üzrə test formatında məşq etməlidirlər. Burada sadəcə əzbərləməyə fokuslanmağı düzgün yanaşma hesab etmirəm. Çünki xüsusilə peşəyönümlü imtahanda əsas məqsəd şəxsin məlumatı əzbər bilməsindən daha çox həmin biliyi praktiki və situativ şəkildə tətbiq edə bilməsini müəyyənləşdirmək olmalıdır. Namizədlər həm öz ixtisaslarının əsas mövzularına, həm də imtahanın qiymətləndirmə meyarlarına uyğun hazırlıq aparmalıdırlar. Ümumilikdə isə hesab edirəm ki, bu imtahan mexanizmi düzgün və şəffaf tətbiq olunduğu halda həm xaricdə təhsil almış şəxslərin hüquqlarını qorumağa, həm də Azərbaycanda peşə fəaliyyətinin keyfiyyətinin yüksəldilməsinə xidmət edə bilər. Əsas prinsip ondan ibarət olmalıdır ki, xaricdə təhsil almaq nə üstünlük, nə də avtomatik məhdudiyyət kimi qəbul edilsin. Əsas meyar şəxsin konkret peşə üzrə tələb olunan kompetensiyalara real olaraq sahib olmasıdır”.
Samirə Allahverdizadə