Xaricdən onlayn dərman sifarişi- risklər və fəsadlar
Onlayn alış-veriş bazarında dərman vasitələrinin satışı kifayət qədərdir.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında səhiyyə eksperti Adil Qeybulla bildirib ki,yalnız rəsmi qeydiyyatdan keçən dərmanlar təhlükəsizdir, onlayn alınan preparatlar risklidir:
"Azərbaycan ərazisində istifadəsinə icazə verilən dərman vasitələrindən başqa digərləri burada istifadə oluna bilməz. Bu, çox vacib məsələdir. Yəni o dərmanlar Azərbaycan ərazisində qeydiyyatdan keçib, onların təhlükəsizliyi və parametrləri yoxlanılıb, yalnız bundan sonra ölkədə tətbiq oluna bilər.
Onlayn dərmanları kim sifariş edir? Vətəndaş. Elə həmin onlayn dərmanların şişirdilən təbliğatı da məhz camaata hesablanıb. Yəni insanları aldatmağa yönəlib və əksər hallarda heç bir fayda vermir. Əgər dərman normaldırsa, niyə rəsmi satışda yoxdur? Bu sualı hər kəs özünə verməlidir.
Onlayn dərmanların təhlükəsizliyi və parametrləri də şübhə altındadır. Onların tərkibində hansı qarışıqların və ya əlavələrin olduğu çox vacib məsələdir. Buna görə, insanlar özləri də diqqətli olmalıdırlar. Əgər dərman həqiqətən normaldırsa, ölkə ərazisində rəsmi satışda olar.
Saxta dərman anlayışına gəldikdə isə, belə dərmanların ya əsas təsiredici komponenti olmur, ya da keyfiyyəti standartlara uyğun gəlmir. Yəni texniki standartlara cavab verməyən dərman saxta hesab olunur. Bunları vizual olaraq ayırd etmək mümkün deyil. Hətta bəzən qablaşdırma o qədər oxşar olur ki, insan tərəddüd edə bilər.
Əsas məsələ dərmanın analitik ekspertizadan keçməsidir. Laboratoriyada yoxlanılmalı və onun həqiqətən dərman olub-olmaması müəyyən edilməlidir.
Bu sahədə ümumi nəzarət mexanizmləri olsa da, onlayn sifariş məsələsində qərarı vətəndaş özü verir. Ona görə də belə hallarda insanlar daha məsuliyyətli və diqqətli olmalıdırlar".
Arzu Poladova
