Xaricdə təhsil xəyaldırmı?
Son illər Azərbaycanda gənclər arasında xaricdə təhsil almağa maraq artıb. Bir çox gənc bunu daha keyfiyyətli təhsil və gələcək karyera imkanları ilə əlaqələndirsə də, bu yol hər kəs üçün eyni dərəcədə əlçatan deyil.
Xarici universitetlərin yüksək təhsil haqları, yaşayış və gündəlik xərclər, həmçinin dil və sənəd tələbləri bir çox ailə üçün ciddi maliyyə yükü yaradır. Təqaüd proqramlarından yararlanan gənclər xaricdə təhsil almaq imkanı qazansa da, bu imkanlardan kənarda qalanlar üçün xaricdə oxumaq əsasən arzu səviyyəsində qalır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Günel Abbasova bildirib ki, xaricdə təhsil imkanları bütün gənclər üçün hazırki mərhələdə bərabər hesab etmək olmaz:
"Formal olaraq hər kəs üçün əlçatan görünsə də, praktikada sosial-iqtisadi fərqlər ciddi rol oynayır. Ailənin maddi vəziyyəti, keyfiyyətli təhsilə və dil hazırlığına çıxış imkanları gənclərin start nöqtəsini eyni etmir. Təqaüd və dövlət proqramları (məsələn, müxtəlif ölkələrin hökumət və universitet təqaüdləri) bu fərqi qismən azaltsa da, hələlik bütün gənclər üçün real bərabərlik yaratmır. Maliyyə və məlumat çatışmazlığı, əslində, bu iki amil bir-biri ilə sıx bağlıdır.
Maliyə çətinliyi əsas və ən görünən maneədir. Təhsil haqqı, yaşayış, sığorta, viza və ilkin yerləşmə xərcləri təqaüd qazanan gənclər üçün belə problem yarada bilər.Məlumatlılığın az olması isə çox zaman maliyə problemini mövcud vəziyyətdən daha da "keçilə bilməyən sədd" formasına salır. Bir çox gənclər mövcud təqaüdlər, qismən maliyələşmə imkanları, pulsuz təhsil verən ölkələr, yaxud aşağı xərcli alternativlər barədə kifayət qədər məlumatlı deyil. Düşünürəm ki,təcrübəli mütəxəssislərin düzgün yönləndirməsi ilə bəzi maliyə baryerlərini azaltmaq, kifayət qədər məlumatlı olmaqla düzgün istiqamət seçmək olar".
Mövzu ilə bağlı açıqlamasında Bakı Dövlət Universitetinin tələbəsi Nuray Əlibəyova bildirib ki, xaricdə təhsil almaq mənim üçün yalnız akademik deyil, eyni zamanda şəxsi inkişaf baxımından da çox önəmli bir məqsəddir:
"Fərqli ölkədə oxumaq, yeni mədəniyyətlər tanımaq və beynəlxalq təhsil mühiti görmək gələcək planlarım üçün böyük üstünlük hesab olunur. Lakin bu istəyin qarşısında dayanan əsas maneə maliyyə çətinlikləridir. Xarici universitetlərin illik təhsil haqları, yaşayış, nəqliyyat və gündəlik xərclər əksər ailələr üçün kifayət qədər yüksəkdir. Təqaüd və qrant proqramları mövcud olsa da, onların sayı məhduddur və seçim prosesi çox rəqabətlidir. Bundan başqa, ailədən uzaqda yaşamaq, dil baryeri və yeni mühitə uyğunlaşmaq kimi psixoloji çətinliklər də bəzən insanı tərəddüdə salır. Bütün bunlara baxmayaraq, lazımi dəstək və imkanlar olduğu halda xaricdə təhsil almaq istəyim hələ də qalır və bu məqsəd üçün çalışıram".
Mövzu ilə bağlı açıqlamasında valideyn Bəhruz Əlibəyov bildirib ki, valideyn kimi övladımın daha keyfiyyətli təhsil almasını və gələcəkdə yaxşı karyera qurmasını hər zaman arzulayıram:
"Xaricdə təhsil bu baxımdan böyük imkanlar yaratsa da, müəyyən narahatlıqlar da qaçılmazdır. Ən çox düşündürən məqam övladın təhlükəsizliyi və təkbaşına fərqli bir ölkədə yaşamağa nə dərəcədə hazır olmasıdır. Dil bilməmək, mədəni fərqlər və sosial mühitə uyğunlaşma prosesinin çətinliyi valideyn olaraq bizi narahat edir. Eyni zamanda, təhsil və yaşayış xərclərinin ailə büdcəsinə ciddi yük yaratması da vacib amillərdən biridir. Bununla yanaşı, övladın ailədən və doğma mühitdən uzaqda olması emosional baxımdan da asan deyil. Amma əgər bu qərar yaxşı düşünülmüş, təhlükəsiz və maddi baxımdan mümkün olarsa, valideyn kimi övladımın gələcəyi naminə onu dəstəkləməyə hazır olduğumu deyə bilərəm".
Aişə Mustafayeva
