00:00:00
Yazar
Admin User
23.12.2025 18:39 78 3 dəq oxuma
Sosial

Xaricdə təhsilin keyfiyyəti

Xaricdə təhsilin keyfiyyəti

Baş nazir Əli Əsədov Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyasının iclasında çıxış edərək bildirib ki, Azərbaycanın bəzi universitetlərinin məzunları diplomlarının Türkiyədə tanınmaması səbəbindən təhsilini bu ölkədə davam etdirə bilmir. O qeyd edib ki, iki ölkə arasında uzun illərdir təhsil sahəsində uğurlu əməkdaşlıq mövcuddur və minlərlə tələbə hər iki ölkənin ali təhsil müəssisələrində təhsil alır.

 

Baş nazir vurğulayıb ki, diplomların tanınmaması problemi müəyyən məzunların xaricdə təhsil imkanlarını məhdudlaşdırır və bu məsələ gənclərin karyera perspektivinə təsir edir. Əli Əsədov bildirib ki, Azərbaycan tərəfi bu məsələnin qarşılıqlı faydalı şəkildə həllinə ümid edir və əməkdaşlıq çərçivəsində müvafiq addımlar atılmasını gözləyir.

 

Mövzu ilə bağlı təhsil eksperti Qoşqar Məhərrəmov “İnformator.az”a açıqlamasında bildirib ki, bəzi ölkələr hesab edirlər ki, onların verdiyi təhsil ilə digər ölkələrin verdiyi təhsil arasında fərqlər var:

 

“Əslində bu məsələ daha çox universitetlərin akreditasiya qurumları tərəfindən tanınmaması ilə bağlıdır. Hər bir dövlətin özünün akreditasiya qurumu mövcuddur. Azərbaycanda bu funksiyanı Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) həyata keçirir. Bu agentlik tərəfindən akreditasiyadan keçməyən universitetlər Azərbaycan tərəfindən tanınmadığı kimi, Türkiyə tərəfindən də tanınmayacaq.

 

Əgər bir azərbaycanlı tələbə, Türkiyədə həmin ölkənin akreditasiya qurumu tərəfindən tanınmayan bir universitetdə təhsil alırsa, o zaman Azərbaycan dövləti də həmin universitetin diplomunu qəbul edə bilməz.

 

Ümumiyyətlə, əgər universitet dövlət universitetidirsə və akreditasiyadan keçibsə, onun tanınmaması üçün heç bir problem və ya maneə olmur. Ancaq bəzi hallarda, məsələn, tibb və iqtisadiyyat kimi sahələr üzrə təhsil alan tələbələrin diplomları üçün əlavə prosedurlar tələb olunur.

 

Məsələn, bir azərbaycanlı tələbə tibb üzrə Azərbaycanda təhsil alıb və Türkiyədə çalışmaq istəyirsə, o zaman SDS (denklik sınavı) adlanan bir imtahana girməlidir. Çünki bəzi ölkələr hesab edirlər ki, onların verdiyi təhsil ilə digər ölkələrin verdiyi təhsil arasında fərqlər var. Bu fərqləri yoxlamaq üçün imtahan keçirirlər ki, həmin şəxs onların tələb etdiyi bilik və bacarıqlara sahib olub-olmadığını sübut etsin.

Hər bir ölkə öz keyfiyyət standartlarına malikdir. Fakültələr və ixtisaslarla bağlı müəyyən standartlar mövcuddur və əgər bu standartlar tələbədə yoxdursa, həmin şəxs o sahənin mütəxəssisi kimi tanınmır.

 

Bu səbəbdən də həm universitetin akreditasiyası, həm də ixtisas üzrə keyfiyyət göstəriciləri diplomun tanınmasında əsas rol oynayır.

Məncə, bu addımın atılması təhsilin ümumi keyfiyyətinə müsbət təsir göstərir. İnsanlar anlayırlar ki, yaxşı təhsil almaq üçün mütləq keyfiyyətli, tanınan və etibarlı universitetlərdə oxumaq vacibdir.

 

Tələbə dərk etməlidir ki, sadəcə adı bilinməyən, qeyri-akreditə olunmuş və ya zəif təhsil verən bir universitetdə oxumaq sadəcə diplom almaq deməkdir, amma bu, həqiqi mənada təhsil sayılmır. Belə diplomlar nə ölkə daxilində, nə də beynəlxalq səviyyədə qəbul olunmur.

 

Bu səbəbdən də düşünürəm ki, diplomların tanınmasına dair qoyulan bu cür tələblər tələbələri daha məsuliyyətli seçim etməyə sövq edir və nəticə etibarilə təhsilin keyfiyyəti artır. Bu, heç bir halda mənfi təsir deyil, düzgün təhsil mühitinin formalaşması üçün zəruri və faydalı bir yanaşmadır”.

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər