Xarici diplomatların Qarabağa səfərləri: Azərbaycan bölgədəki reallıqları yerində nümayiş etdirir
Azərbaycanın xarici diplomatları Qarabağa dəvət etməsi bölgədə formalaşmış yeni reallıqların beynəlxalq nümayəndələr tərəfindən yerində müşahidə olunmasına imkan yaradır. Bu səfərlər həmçinin Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasından sonra bölgədə həyata keçirilən proseslərin nümayiş etdirilməsi baxımından əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması son illərdə Azərbaycanın əsas istiqamətlərindən birinə çevrilib.
“Bu, çox vacib və əhəmiyyətli məsələdir. Xarici diplomatların Qarabağa səfərləri Azərbaycanın suverenliyinin və bölgədə yaranmış yeni reallıqların beynəlxalq səviyyədə yerində müşahidə olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfərlər Azərbaycanın mövqeyinin və bölgədə həyata keçirilən proseslərin xarici nümayəndələrə birbaşa təqdim edilməsinə imkan yaradır. Diplomatlar işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, eləcə də yaradılan müasir infrastrukturla birbaşa tanış olurlar”.
Tural İrfan vurğulayıb ki, belə səfərlər Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı reallıqların xarici nümayəndələr tərəfindən əyani şəkildə müşahidə olunmasına şərait yaradır.
Onun sözlərinə görə, bu cür təmaslar regionda sülh, təhlükəsizlik və quruculuq proseslərinə beynəlxalq diqqətin və dəstəyin artmasına da töhfə verə bilər.
“Qarabağ həqiqətlərinin beynəlxalq aləmə çatdırılması baxımından bu, çox mühüm məsələdir. Xarici nümayəndələr bölgədəki vəziyyəti vasitəçilərsiz, birbaşa görür və təmsil etdikləri ölkələrə və təşkilatlara çatdırırlar. Media vasitəsilə məlumat əldə etmək ilə hadisələri yerində müşahidə etmək arasında ciddi fərq var. Hesab edirəm ki, bu proses davamlı olmalıdır”, - deyə politoloq əlavə edib.
Nurgün Qənizadə