Xarici təcrübələrdən öyrənmək
Müasir iş dünyasında şirkətlər yalnız daxili təcrübəyə əsaslanmaqla kifayətlənmirlər, həm də xarici təcrübələrdən öyrənərək idarəetmə və liderlik modellərini təkmilləşdirirlər. İnsan resursları mütəxəssisləri bildirir ki, beynəlxalq təcrübələrin tətbiqi təşkilatlarda performansı artırır, əməkdaş məmnuniyyətini yüksəldir və korporativ mədəniyyəti gücləndirir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında insan resurları üzrə mütəxxəsis Sevinc Nəcəfova bildirib ki, bu gün iş dünyası qlobal xarakter daşıyır və şirkətlər artıq yalnız daxili təcrübə ilə kifayətlənə bilmirlər:
"Beynəlxalq təcrübələrin və öyrənilməsi və uyğun formada tətbiqi idarəetmə və liderlik modellərinin təkmilləşdirilməsinə, insan resursları proseslərinin daha effektiv qurulmasına imkan yaradır. Xarici təcrübələr şirkətlərə fərqli baxış bucağı qazandırır və dəyişən əmək bazarına daha çevik reaksiya verməyə kömək edir. Ən uyğun nümunələrdən biri performansın yalnız nəticəyə deyil, prosesə əsasən qiymətləndirilməsidir. Bir çox xarici şirkətlərdə əməkdaşın inkişaf yolu, öyrənmə sürəti və komanda daxilində davranışı da nəzərə alınır.
Digər önəmli nümunə açıq kommunikasiya mədəniyyətidir. Rəhbər-işçi arasında rəsmi baryerlərin minimuma endirilməsi, geri bildirimlərin mütəmadi və konstruktiv şəkildə verilməsi iş mühitini daha sağlam edir. Həmçinin mentorluq proqramları, çevik iş modelləri və daxili rotasiya imkanları Azərbaycan şirkətləri üçün tətbiq oluna biləcək effektiv beynəlxalq təcrübələr sırasındadır. Xarici modellərin olduğu kimi köçürülməsi hər zaman uğurlu nəticə vermir. Əsas məsələ bu təcrübələrin yerli mədəniyyətə, əmək bazarının xüsusiyyətlərinə və şirkətin daxili strukturlarına uyğunlaşdırılmasıdır. Uğurlu şirkətlər beynəlxalq təcrübəni filtrdən keçirərək öz reallıqlarına uyğun formada tətbiq edirlər. Əsas fərqlərdən biri HR-ın strateji rolu ilə bağlıdır. Xarici şirkətlərin əksəriyyətində HR qərarverici proseslərin bir hissəsidir, Azərbaycanda isə bəzi hallarda HR hələ də daha çox icraedici funksiya kimi qəbul olunur. Digər fərq əməkdaş məmnuniyyətinin ölçülməsi və psixoloji rifaha verilən önəmlə bağlıdır. Xarici təcrübədə bu mövzular sistemli şəkildə ölçülür və idarə olunur, yerli mühitdə isə bu istiqamət yeni formalaşma mərhələsindədir. Eyni zamanda təlim və inkişaf proqramlarının davamlılığı və fərdiləşdirilməsi sahəsində də fərqlər mövcuddur. Beynəlxalq yanaşmalar HR mühitinə daha sistemli düşüncə, ölçülə bilən nəticələr və insan mərkəzli idarəetmə fəlsəfəsi gətirə bilər. Bu, həm işçi məmnuniyyətinin artmasına, həm də şirkətlərin uzunmüddətli dayanıqlılığına müsbət təsir göstərir. Xarici təcrübələrdən öyrənməkdən çəkinməmək, lakin onları kor-koranə tətbiq etməmək vacibdir. Əsas məqsəd beynəlxalq bilikləri yerli dəyərlərlə balanslaşdırmaq və insan faktorunu mərkəzdə saxlamaqdır. Uğurlu HR modeli məhz bu tarazlıq üzərində qurulur".
Gövhər Mehyəddinova
