XİN rəhbəri Aİ rəsmisi ilə yeni ikitərəfli sazişi və Tərəfdaşlıq Prioritetləri sənədini müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi direktoru Olaf Skuq ilə görüş keçirib. Görüşdə Azərbaycan-Aİ münasibətlərinin perspektivləri, enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, yaşıl enerji layihələri, eləcə də Azərbaycan və Ermənistan arasında normallaşma prosesi müzakirə olunub. Tərəflər yeni ikitərəfli saziş və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə aparılan danışıqlara da toxunublar. Həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri və mina təhlükəsi barədə məlumat verilib.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlərin inkişafı üçün geniş imkanlar mövcuddur və bu əlaqələr əvvəlki dövrlərdə də ümumilikdə normal şəkildə davam edib. Zaman-zaman Aİ-nin Azərbaycana qarşı “qərəzli mövqe” sərgiləməsi münasibətlərdə müəyyən gərginliklərə səbəb olub:
“Hazırkı mərhələdə Avropa İttifaqı rəsmilərinin Azərbaycanla bağlı daha pozitiv yanaşmaları müşahidə olunur. Məsələn, Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi direktoru Aleksandr Kuge ilə xarici işlər naziri Ceyhun Bayramovun görüşündə səslənən fikirlər və Avropa liderlərinin Azərbaycana dair mövqeləri münasibətlərin normallaşması baxımından əhəmiyyətlidir. Bakı-Brüssel münasibətlərinin normallaşması üçün xüsusilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi və diplomatik-siyasi sahələrdə addımların atılması vacibdir. Bu addımlar həm münasibətlərin inkişafı, həm də tərəfdaşlığın güclənməsi baxımından mühüm rol oynaya bilər”.
Əmrəliyev əlavə edib ki, Azərbaycan hər zaman Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olub:
“Avropa inteqrasiya xətti və Avropa institutları ilə əməkdaşlığın inkişafı ölkənin prioritet istiqamətlərindən biri olub. Əgər Avropa İttifaqı da əlaqələrin inkişafında maraqlıdırsa, Azərbaycan üçün bunun heç bir problemi yoxdur”.
Fatimə Hüseynli