Xocalı – unudulmayan yara
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı Xocalı şəhərinə hücum edərək dinc əhalini qətlə yetiriblər. Bu qətliam nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 nəfər qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Xocalı faciəsi xalqımızın yaddaşına əbədi həkk olunmuş bir yaradır. Bu günü unutmamaq və gələcək nəsillərə ötürmək hər birimizin milli və mənəvi borcudur.
Tarixin bu dəhşətli səhifəsini xatırlamaqla biz təkcə şəhidlərimizin xatirəsini anmır, həm də gələcəkdə belə faciələrin təkrarlanmaması üçün çalışırıq. Milli yaddaşın qorunması, tarixi həqiqətlərin gənc nəsillərə çatdırılması sayəsində biz öz kimliyimizi qoruyub saxlayır və güclü bir millət olaraq yaşayırıq.

"Ahıllara və Tənhalara Dəstək" İB-nin sədri
Ruhiyyə Məmmədova