Xoşbəxtliyin qiyməti neçəyədir?
“Pul hər zaman xoşbəxtlik gətirmir",-deyən də, bunun əksini söyləyən də var. Uzun illərdən bəri davam edən bu mübahisəyə Bath universitetində aparılan bir araşdırma ilə aydınlıq gətirməyə çalışıblar. Araşdırmanın nəticələri isə göstərir ki, hər iki tərəf də bu mövzuda müəyyən mənada haqlıdır.
Belə ki, aparılan araşdırmaya görə pul müəyyən həddə qədər həqiqətən də insanı xoşbəxt edə bilir. Çünki ac-yalavac dolanarkən gündəlik ehtiyacları, kreditləri və s. ödəmək haqqında düşünərkən insanın özünü xoşbəxt hiss etməsi mümkün deyil. Bu baxımdan pul ilk növbədə insana təhlükəsizlik hissi verir, əsas ehtiyaclarını ödəməyə imkan yaradır və gələcəklə bağlı narahatlıqları azaldır. Amma məsələnin ən maraqlı tərəfi də elə bundan sonra başlayır. Alimlərin fikrincə, insan maddi baxımdan özünü təhlükəsiz hiss etməyə başladıqdan sonra pul əvvəlki qədər ona xoşbəxtlik bəxş etmir. Çünki bundan sonrakı mərhələdə insan artıq yeni bir səyahətə çıxmaq, yeni yerlər kəşf etmək, uzun illərdir təxirə salınan hər hansı bir arzunu gerçəkləşdirmək kimi işlərin ardınca düşür. Bu isə insana sadəcə məmnunluq hissi bəxş edir.
Aparılan araşdırmanın digər bir diqqətçəkən tərəfi isə məşhur "hobbini peşəyə çevir, ömrün boyu işləməzsən" fikrinin hər zaman doğru olmaması ilə bağlıdır. Belə ki, sevdiyiniz məşğuliyyəti daimi gəlir mənbəyinə çevirdikdən bir müddət sonra həmin işin yaratdığı həyəcanın azaldığı, motivasiyanın isə zəiflədiyi müşahidə olunur. Nəticə etibarilə, pul hər zaman bütün problemləri həll etməyə bilər. Yəni, pul xoşbəxtliyin özü demək deyil, amma xoşbəxtliyə gedən yolda insanın işini xeyli asanlaşdıra bilər.