Xoşbəxtlik
Xoşbəxtlik bir yoldur, ilk addımı ailədən başlayır.
Xoşbəxt ailə tabloları, gülümsəyən üzlər, gül dəstələri, sevgi etirafları... Ailə - hər birimiz üçün fərqli mənalar daşıyan, lakin son dərəcə vacib olan bir dəyərdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsində də göstərildiyi kimi, ailə anlayışı - qarşılıqlı məhəbbət, dostluq, hörmət, uşaqların tərbiyəsi, hərtərəfli inkişafı və xoşbəxtlik prinsiplərinə əsaslanır.
Ailə haqqında düşüncələr fərqli ola bilər, amma ümumilikdə, bir-birinə dəyər verən və həyatı paylaşan insanların birgə yaşayışı, birlikdə yaratdıqlarıdır ailə. 18 yaşa qədər olan uşaqların ailə haqqında fikirləri onların yaşı, psixoloji inkişaf səviyyəsi və ailə münasibətlərindən asılı olaraq dəyişir. Onlar üçün ailə - təhlükəsizlik, sevgi, qayğı, dinlənilmə və dəstəyin olduğu bir məkandır. Uşaqların tez-tez səsləndirdiyi fikirlər: "Ailə, həyatın bütün çətinliklərini birlikdə aşdığımız, bir-birimizə dayaq olduğumuz doğmalarım, güvəndiklərimdir." "Mənim üçün ailə, övladlarıma ötürəcəyim ən dəyərli mirasdır." "Ailə, hər zaman yanımda olan, məni başa düşən və dəstəkləyən insanlardır".
Kiçik yaşlı uşaqlar ailəni oynamaq, yemək, əzizlənmək kimi görürlər. Böyüdükcə isə onlar yaxınlarının davranışına, ailədaxili münasibətlərə daha tənqidi yanaşırlar, onlardan özlərinə, fikirlərinə daha həssas olmalarını istəyirlər. Məsələn bir şagirdin sosial şəbəkədə paylaşılan və çoxlarının marağına səbəb olan “mən telefon olmaq istəyirəm, onda valideyinlərim mənimlə daha çox vaxt keçirər” fikri düşündürür.
Belə ki, uşaqların ailəyə baxışı yaş dərəcələrinə, yaşam tərzinə və ailədəki mühitə görə fərqlənir. Ailə onlar üçün hisslərini bölüşən, dəyərli olduqları və daim dəstək aldıqları doğma bir məkan, eyni zamanda hər bir ehtiyaclarını qarşılayan insanlar, sevgi, qayğı, təhlükəsizlik və əyləncə ilə dolu bir dünyadır.
Ailədaxili problemlər və onların uşaqlara təsiri
“Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, hər bədbəxt ailə isə özünəməxsus şəkildə bədbəxtdir". Lev Tolstoyun bu müdrik kəlamı, xoşbəxtliyin təməlində oxşar dəyərlərin - ailə üzvlərinin bir-birinə olan qarşılıqlı sevgi, hörmət, güvən, anlayış, dəstək və səmimi ünsiyyətin dayandığını, bədbəxtliyin isə müxtəlif səbəblərdən yarandığını vurğulayır. Ailə üzvlərinin bir-birinə olan soyuq, kobud davranışı, fiziki və psixoloji zorakılıq, qorxu mühiti, maddi çətinliklər və bir çox problemlər ailənin möhkəmliyini zəiflədir.
İlk baxışdan bir çox ailələr xoşbəxt görünmək istəsələr də (sosial şəbəkələrdə gülümsər fotolar, birgə keçirilən tədbirlər, istedadlı uşaqlar), bəzən bu xoşbəxtlik illüziyasının altında dərin emosional boşluq, anlaşılmazlıq və daxili münaqişələr yatır. Belə “xoşbəxt” cütlüklər çox vaxt zorakılıqdan tutmuş maddi çətinliklərə qədər ciddi problemlərlə üzləşirlər. Daxildəki ziddiyyətlər isə həm böyüklərə, həm də uşaqlara mənfi təsir göstərir. Belə fəsadların yaranma səbəbləri bu gün hər kəsi narahat edir.
Çox vaxt ailələr daxildəki problemləri gizlətməyə çalışır, qınaqlardan və açıq danışmaqdan çəkinirlər. Səbəb isə boşanma, ailədəki mübahisə və ya psixoloji gərginlikləri hələ də bir çoxlarınn ayıb və uğursuzluq kimi qiymətləndirməsidir. Nəticədə yaranan problemlərlə təkbaşına mübarizə aparmalı olurlar. Bu da ən çox uşaqlara təsir edir. Sağlam ailələrdən fərqli olaraq sağlam görünməyə çalışan ailələrdə böyüyən uşaqlar ciddi fəsadlarla üzləşirlər.
Müasir psixologiya və ailə institutlarında aparılan elmi araşdırmalar göstərir ki, zahirən mükəmməl görünən ailələrdə belə, daxildə emosional repressiya, həddindən artıq nəzarət, empatiya çatışmazlığı halları uşaqların psixososial inkişafına mənfi təsir göstərir. Belə mühitdə böyüyən uşaqlar səmimi hisslərini gizlətməyə və ətrafdakılara uyğunlaşmağa məcbur olurlar.
Zahirən "sağlam" görünən ailə modelinin psixoloji sağlamlıqla eyni olmadığını sübut edən elmi dəlillər, ailə içi münasibətlərdə emosional dürüstlük, empatiya, və ünsiyyətin vacibliyini diqqətə çəkir. Beynəlxalq aləmdə bu istiqamətdə münasibət son illərdə ciddi şəkildə dəyişib. Bir sıra ölkələrdə uşağın yalnız fiziki deyil, emosional rifahı da qanunla qorunur.
Araşdırmalar göstərir ki, uşaqlara maddi və fiziki təminatla yanaşı psixoloji dəstək də çox vacibdir. Məsələn, səssiz travmalar konsepsiyası (Silent Trauma) cavabsız qalan, dinlənilməyən, sevgi və dəstək görməyən uşaqların yaşadığı daxili zədələri nəzərdə tutur. Depressiya, həyəcan pozuntuları və özünə inamsızlıq kimi hallar münaqişəli ailələrdə daha çox müşahidə edilir. “Uşaqlara görə hər şeyə dözürəm”, “Əsas odur ki, ailəm dağılmasın” kimi fikirlər ailədaxili problemlərin çözümünü gecikdirir, insanları susmağa məcbur edir və münasibətlərdəki gərginliyi daha da artırır. Halbuki uşaqlar üçün vacib olan sağlam və səmimi bir mühitdə yaşamaqdır. Ailədəki problemlərin etirafı zəiflik kimi deyil, əksinə, cəsarət və sağlam münasibətin möhkəmlənməsi kimi qəbul olunmalıdır. Psixoloji dəstək, səmimi ünsiyyət və düzgün yanaşma isə bu problemlərin həllində çox vacibdir. Təsəvvür edək ki, ailədə zorakılığa şahid olan bir uşaq kənardan sakit görünsə belə, daxilən böyük stress yaşayır. Bu uşaqlar aqressiv davranışlar nümayiş etdirə bilər və ya əksinə, öz dünyalarına qapanaraq sosial çevrədən uzaqlaşa bilərlər. Bu susqunluq onlarda güvənsizlik və qorxu hissi formalaşdırır, təhsilinə, ünsiyyət qurmasına, eləcə də emosional inkişafına da ciddi təsir edir.
Gərginlik və münaqişə atmosferində böyüyən, real sevgidən, səmimiyyətdən və dürüst münasibətlərdən uzaq, eyni zamanda müasir texnologiyaların, xüsusilə sosial medianın süni emosiyalar dünyasında yaşamağı öyrənən uşaqlar nəticədə gerçək həyatla virtual aləm arasında sərhədi ayırmaqda çətinlik çəkirlər. Belə olan halda, ailənin dəstəyi, nəzarəti vacib və əsasdır, çünki müasir dövrdə uşaqların inkişafında, sosiallaşmasında, sağlam münasibətlərin qurulmasında valideyinlərin də rolu əvəzsizdir.
Media da bu mövzulara daha açıq və anlayışlı yanaşmalı, qərəz və qınaqdan uzaq olmalıdır.
Xoşbəxtliyin təkcə görüntü deyil, səmimi münasibət və etibarlı dəstəyə söykəndiyi qəbul edilməlidir. Çünki xoşbəxtlik – təqdim olunmalı bir obraz deyil, yaşanmalı bir dəyərdir.
Məmmədova Sevinc Tofiq qızı
Multimedia və elektron kommunikasiya
kafedrasının dosenti
