Xəstəliklərin yayılmasında yeni təhlükələr
Ölkədə son günlərdə müşahidə olunan xəstəlik artımı səhiyyə sisteminin qarşısında ciddi çağırışlar yaradıb. Bu vəziyyət, xəstəliklərin daha geniş yayılmasının qarşısını almaq üçün zəruri profilaktik tədbirlərin həyata keçirilməsini tələb edir.
Mövzu ilə bağlı həkim Adil Qeybulla “İnformator.az”a açıqlamasında bildirib ki, ətraf mühitin çirklənməsi və sürətli əhali artımı insan sağlamlığı üçün ciddi risklər yaradır:
“Əhalinin sağlamlıq göstəriciləri pisləşməkdədir və bunun əsas səbəblərindən biri yeni yaranan ekoloji problemlər, ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər və digər mənfi amillərdir. Bu gün dünyada insan həyatını təhdid edən ən ciddi amillərdən biri isə həddindən artıq əhali artımıdır. Bu artım çox ciddi fəsadlara səbəb olur.
İnsan fəaliyyəti nəticəsində yanacaq kimi istifadə olunan qazıntı mənşəli maddələr atmosferə toplanır və çirklənməyə səbəb olur. Atmosferdə kanserogen maddələr, aromatik karbohidrogenlər yığılır. Avtomobillərin sayının artması, onların yanacaq tullantıları, fabrik və zavodların fəaliyyəti havanı çirkləndirir. Eyni zamanda insanların fərdi fəaliyyəti də atmosferin, içməli suyun və okeanların çirklənməsinə gətirib çıxarır”.
Müsahib ekosistemin məhv edilməsini və əhali sıxlığının yeni xəstəliklər üçün zəmin yaratdığını vurğulayıb:
“Əhali artımının qarşısını almaq üçün müxtəlif heyvanlar və bitki aləmi sıradan çıxarılır, ekosistem pozulur. Nəticədə heyvanların orqanizmində qalan viruslar insanlara keçir. Koronavirus bunun ən bariz nümunəsidir və bu cür xəstəliklər insanlar üçün böyük təhlükə yaradır.
Əhali artdıqca insanlar arasında xəstəliklərin yayılması da sürətlənir. Əvvəllər heyvanlarda olan viruslar və infeksiyalar artıq insanlara keçir. Bu baxımdan demək olar ki, insanlıq ciddi təhlükə ilə üz-üzədir. Bir tərəfdən qlobal istiləşmə və iqlim dəyişikliyi, digər tərəfdən əhalinin sürətli artımı və ərzaq təminatında yaşanan çətinliklər ciddi ekoloji böhran yaradır.
Bu baxımdan, xəstəliklərin artması müəyyən mənada təbii və gözlənilən nəticədir”.
Zəri Bayramlı
