00:00:00
Yazar
Admin User
04.02.2026 14:43 38 2 dəq oxuma
Sosial

Xəstəliyə və ya xəsarətə görə xəstəlik vərəqələrinin tərtibatında dəyişiklik edilib

Xəstəliyə və ya xəsarətə görə xəstəlik vərəqələrinin tərtibatında dəyişiklik edilib

Baş nazir Əli Əsədov xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydasında dəyişiklik edilməsi barədə qərar imzalayıb. Yeni qaydaya əsasən, sığorta olunanın xəsarət nəticəsində əmək qabiliyyətini müvəqqəti itirməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verildiyi hallarda bu barədə xəstəlik vərəqəsində müvafiq qeyd aparılacaq.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında professor Adil Qeybulla bildirib ki, əslində istər cərrahi əməliyyat, istər tibbi prosedurlar, istərsə də digər xəsarətlər zamanı tibbi yardımdan sonrakı dövrdə əmək qabiliyyətinin itirilmə dərəcəsini müəyyən etmək üçün müvafiq komissiyalar mövcud olub:

 

“Bunlar həkim-konsultativ komissiyaları idi. Sonra isə məsələyə həkim-əmək ekspert komissiyaları baxırdı. Ancaq bilirsiniz ki, hüquq-mühafizə orqanlarına hansısa məlumatın verilməsi və onun araşdırılması ilə bağlı xəstəlik vərəqəsində qeyd aparılması ümumi işə xidmət edir. Mən düşünmürəm ki, ciddi bir dəyişiklik olsun, amma dəyişiklik edilib. Bu halda yaxşı olardı ki, xəstəlik vərəqələri elektron sənəd kimi vahid sistemə daxil edilsin və səhiyyə sistemindəki bütün sənədlər kimi burada da öz əksini tapsın. Yəni xəstə Azərbaycanın hansısa rayonunda əməliyyat olunubsa və ya xəsarət alıbsa, sonradan başqa bir klinikaya müraciət etdikdə, həmin klinikada həkim xəstənin fərdi identifikasiya kodu vasitəsilə müvafiq icazə əsasında sistemə daxil olub onun tibbi sənədləri ilə tanış ola bilsin. Bu, daha çevik və daha düzgün bir sistem olardı. Hüquq-mühafizə orqanları da həmin xəstənin kodu ilə sistemə daxil olaraq istənilən təhlilə, analizə, eləcə də həyat anamnezinə baxa bilərdi.

Nə qədər ki, səhiyyə tam şəkildə sistemləşdirilməyib və bu məsələlər vahid sistem formasında fəaliyyət göstərmir, əlbəttə ki, bu cür epizodik qərarların xüsusi effektini görməyəcəyik”.

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər