00:00:00
Yazar
Admin User
04.01.2026 16:44 85 3 dəq oxuma
Sosial

Xəzərdəki canlılar niyə məhv olur ?

Xəzərdəki canlılar niyə məhv olur ?

 

Son illərdə Xəzər dənizində bəzi canlıların kütləvi şəkildə məhv olması ekologiya ekspertlərinin diqqətini çəkib. Bu vəziyyət həm dəniz ekosisteminə, həm də balıqçılıq və sahil əhalisinin gəlirlərinə mənfi təsir göstərir.


Mövzu ilə bağlı ekoloq Sadiq Həsənov “İnformator.az"a açıqlamasında bildirib ki,dəniz səviyyəsinin azalması kürüləmə ərazilərini məhv edərək canlıların sayını azaldıb:

 

“Xəzər dənizində balıqların, canlı orqanizmlərin sayının azalmasının əsas səbəblərindən biri dəniz səviyyəsinin aşağı düşməsidir. Bu azalma neft və neft məhsulları ilə çirklənmə, iqlim dəyişiklikləri ilə birlikdə, dənizdə oksigen çatışmazlığına səbəb olur. Oksigen çatışmazlığı isə həm balıqların, həm də digər canlıların, eləcə də onların yaşadığı dəniz yataqlarının məhvinə gətirib çıxarır. Dəniz səviyyəsinin 2-3 metr geri çəkilməsi sahil zonasının daralmasına səbəb olub. Halbuki bəzi balıqlar və digər canlılar hər il kürüləmə üçün məhz sahil yaxınlığındakı əraziləri seçirlər. Həmin yerlərin artıq mövcud olmaması onların ya məhv olması, ya da dərin sulara çəkilməsi ilə nəticələnib. Dərinliklərdə isə uyğun şəraitin olmaması, müxtəlif çətinliklərin yaranması səbəbindən kürüləmə prosesi pozulur və bu da balıqların, ümumən canlıların sayında ciddi azalmaya səbəb olur. Xəzər dənizində canlıların çoxalması əsasən Şimali Xəzərdə baş verir, çünki bu hissə dayazdır və canlıların 90%-i burada kürüləmə prosesini həyata keçirir. Volqa çayının gətirdiyi şirin su da bu ərazidə cəmlənir. Lakin son illərdə Volqa hövzəsində suyun həcmi azalıb, çoxlu sayda bəndlər tikilib, bu da balıqların hərəkət imkanlarını məhdudlaşdırıb. Eyni zamanda şirin su zonaları və kürüləmə üçün istifadə olunan dayazlıqlar da məhv olub”.

 

Həmçinin ekoloq bildirib ki,çirklənmə, qanunsuz ov və idarəetmə problemləri Xəzərin canlı ehtiyatlarını tükəndib:

 

“Bu uzunmüddətli təsirlər nəticəsində Xəzər dənizində balıqlar və digər canlılar, xüsusilə nərə balıqları dəfələrlə azalıb. Elə olur ki, son dövrlərdə ümumiyyətlə nərə balıqlarına rast gəlinmir və ya onların olması barədə məlumat alınmır. Su çatışmazlığı, oksigen azlığı, kürüləmə ərazilərinin məhvi və ümumi ekoloji tarazlığın pozulması nəticə etibarilə həm balıqların, həm də digər dəniz canlılarının kəskin azalmasına səbəb olur. Təbii ki, dediyimiz kimi, Xəzər dənizi beş ölkə ilə həmsərhəddir: Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran. Bu problemlərin həll olunması üçün, Xəzər dənizinin həm ekoloji vəziyyətinin, həm də çirklənməsinin azaldılması baxımından bu ölkələrin birlikdə hərəkət etməsi çox vacib və zəruri şərtlər tələb edir. Bu məqsədlə Xəzəryanı ölkələr arasında konvensiya da qəbul olunmuşdur və müəyyən öhdəliklər götürülmüşdür. Lakin bu mexanizmin işləməməsi və konkret tədbirlərin görülməməsi səbəbindən proses sürətlə davam edir. Uzun müddət Xəzər dənizində neft hasilatı aparıldığına görə dəniz həddindən artıq istismar olunub. Bu da, həmin dənizdə yerləşən fey torpaqlı sahələrin hansı ki balıqların və digər canlıların yem bazasını təşkil edir. İqlim dəyişikliklərinin təsiri əsasən həm dənizdə buxarlanma səviyyəsinin artması, su resurslarının azalması, məsələn Kür kimi, Tereş kimi, Ural kimi çaylar artıq Xəzər dənizinə gedib çata bilmirlər. Bu da həmin ərazilərdə yaşayan balıqların kürü verməsinin qarşısını alır. Çünki adətən balıqlar kürüvermə zamanı şirin suya gedirlər. Hətta akademik Məmməd Salmanov yazır ki, nərə balıqları kürüvermə zamanı şirin suya gedib Anadoluyadək çıxırlarmış. Yəni, Türkiyə sərhədlərinə qədər gedib orada kürü verib geri qayıda bilirmişlər. Yol o qədər açıq imiş çay sistemində. İndi isə artıq dambalar tikilib, elektrik stansiyaları tikilib, ambarlar tikilib və bir növ onların yolu kəsilibdir. Bu səbəblərdən ən başlıcası da budur. Əsas səbəblərdən biri nizamsız şəkildə ovlanmadır. Həddindən artıq Kür çayında ovlanma baş vermişdir, qaydasız, qanunsuz, həm də Xəzər dənizində torlardan, hətta partlayıcı vasitələrdən istifadə edilirdi bir zamanlar. Bu da onların kütləvi şəkildə azalmasının ikinci əsas səbəblərindən biridir. Digər əsas səbəb isə iqlim dəyişmələridir, dənizin çirklənməsidir, xüsusilə neft və neft məhsulları ilə. Neft və neft məhsulları ilə çirklənmə nəticəsində həmin çoxsaylı fitoplanktonlar, hansı ki digər canlıların qida bazasını təşkil edirlər, məhv olmuşdur. Bu da zəncirvari şəkildə digər canlıların da məhv olmasına səbəb olmuşdur. Bütün bunlar ümumilikdə Xəzər dənizinin ehtiyatlarının azalmasına gətirib çıxarmışdır”.


Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər