“Ya düzgün addım atacaqlar, ya da bu məsələyə son qoyacağıq”-Donald Tramp
ABŞ Prezidenti Donald Tramp Çinə planlaşdırılan səfəri öncəsi jurnalistlərin suallarını cavablandırarkən İran məsələsində heç kimin yardımına ehtiyac duymadıqlarını bildirib.
Tramp ona ünvanlanan “Si Cinpin İranla razılığın əldə olunmasına kömək edə bilərmi?” sualına belə cavab verib:
“Edə bilər, amma açığı, İran məsələsində heç bir yardıma ehtiyacımız yoxdur”.
İranın hərbi baxımdan məğlub vəziyyətdə olduğunu iddia edən Tramp, “Ya düzgün addım atacaqlar, ya da bu məsələyə son qoyacağıq”, – deyib.
İranda müharibə üçüncü aya daxil olarkən, Çin rəhbərliyinin səssiz şəkildə vasitəçi rolunu üzərinə götürməyə çalışdığı ilə bağlı qiymətləndirmələr aparılır.
Abbas Araqçinin ötən həftə Pekinə səfəri Çinin Yaxın Şərqdə təsir gücünü artırmaq cəhdi kimi dəyərləndirilib.
ABŞ və İran rəhbərlikləri müharibəni dayandıracaq danışıqlar layihəsi üzərində razılıq əldə edə bilmədikdən sonra qarşılıqlı sərt açıqlamalar verib.
Tramp mayın 11-də Ağ Evdə keçirilən brifinqdə atəşkəsin “inanılmaz dərəcədə zəif vəziyyətdə olduğunu” və “həyat dəstək aparatına bağlı qaldığını” bildirib.
O, ABŞ-nin hazırladığı 14 maddəlik təklifə İranın təqdim etdiyi əks təklifi də rədd edib.
Oval kabinetdə keçirilən mətbuat konfransında Tramp bildirib:
“Bizə göndərdikləri o zibil parçasını oxudum, hətta sona qədər oxumağa ehtiyac görmədim. ‘Bunu oxumaqla vaxt itirməyəcəyəm’, dedim. Atəşkəs hazırda ən zəif dövrünü yaşayır, həyat dəstək aparatındadır”.
Məhəmməd Bağır Qalibaf Trampın açıqlamalarından sonra “X” hesabında İran Silahlı Qüvvələrinin istənilən hücuma cavab verməyə hazır olduğunu bildirib.
O, başqa bir paylaşımında “İran xalqının hüquqlarının qəbul olunmasından başqa alternativ yoxdur” fikrini səsləndirib.
İsmayıl Bəqai isə Tehranın əks təkliflərini “məsuliyyətli” və “səxavətli” adlandırıb.
Tasnim News Agency-nin məlumatına görə, Tehranın təklifində bütün cəbhələrdə müharibənin dərhal dayandırılması, o cümlədən İsrailin Livanda “Hizbullah”a qarşı əməliyyatlarının dayandırılması tələb olunur.
Sənəddə ABŞ-nin İran limanlarına tətbiq etdiyi dəniz blokadasının aradan qaldırılması və yeni hücumların olmayacağına dair təminat verilməsi də yer alır. Həmçinin müharibə ziyanına görə təzminat tələbi və Hörmüz boğazı üzərində İran suverenliyinə xüsusi vurğu qeyd olunur.
“Tasnim”ə yaxın mənbələrin məlumatına görə, Tehran zənginləşdirilmiş uranın ölkədən çıxarılması şərtini qəbul etmir.
BBC News
Nuray Əliyeva