YAP Naxçıvan şəhər təşkilatında bayram tədbiri
Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan şəhər təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində ilin yekunlarına, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, YAP Naxçıvan şəhər təşkilatının rəhbərliyi, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı “İnformator.az”a açıqlamasında bildirib ki, bu növ davamlı layihələrə böyük ehtiyac var:
"Cənab Prezident tərəfindən 2026-cı ilin “Konstitusiya və Suverenlik İli” elan olunması çox təqdirəlayiqdir. Bu çərçivədə keçiriləcək çoxsaylı tədbirlər və layihələr həm dövlət qurumları, həm də ictimai təşkilatlar tərəfindən il boyu diqqət mərkəzində saxlanılacaq, nəticədə ictimai fəallıq daha da artacaqdır. Bu addım cəmiyyətdə dövlət-vətəndaş münasibətlərinin yaxşılaşmasına, ünsiyyətin güclənməsinə və xüsusilə gənclərin milli dövlətçilik şüurunda formalaşmasına geniş imkanlar yaradır.
Azərbaycanda gənclərin milli-mənəvi dəyərlərə sahib çıxması və dövlətçilik ruhunda böyüməsi üçün bu növ davamlı layihələrə böyük ehtiyac var.
Eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı keçirilən tədbirlər də gənclərdə dövlətə olan inamı artırır, onların sosial və vətəndaşlıq aktivliyini gücləndirir.
İşğaldan azad olunmuş ərazilərdə təşkil ediləcək tədbirlər isə ərazi bütövlüyümüz və suverenliyimizlə bağlı gənclərdə yüksək ruh yüksəkliyi yaradacaq. Onlar aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olmaqla, tariximizin canlı şahidinə çevrilirlər.
Dövlətin gənclər siyasəti onların elmi, ictimai-siyasi və sosial sahələrdə fəallığını artırmağa xidmət edir. Bu proses gənclər üçün bir növ təcrübə məktəbi rolunu oynayır. Sağlam və şüurlu gənclik dövlətin gələcək gücü deməkdir. Bu baxımdan, təkcə dövlət deyil, ictimai təşkilatlar və media da gənclərimizin azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə olunmasına dəstək verməlidir”.
Aydan Əsgərxanlı
