00:00:00
Yazar
Güllər Gülhüseynova
12.08.2026 18:43 24 2 dəq oxuma
Siyasət

Yaponiya Şimali Koreyanın raket sınağına sərt etiraz edib

Yaponiya Şimali Koreyanın raket sınağına sərt etiraz edib

Yaponiya Şimali Koreyanın səhər saatlarında həyata keçirdiyi ballistik raket sınağı ilə əlaqədar Pxenyana rəsmi etiraz ünvanlayıb.

 

Yaponiya mediasının müdafiə naziri Şinjiro Koizumiyə istinadən yaydığı məlumata görə, Tokio Pekindəki səfirliyinin diplomatik kanalları vasitəsilə Şimali Koreyanın hərəkətlərini qətiyyətlə pisləyib. Nazir qeyd edib ki, Pxenyanın mütəmadi raket buraxılışları bölgədə sülh və təhlükəsizliyə ciddi təhdid yaradır.

 

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki,  Şimali Koreyanın raket sınaqlarının Yaponiyada və Cənubi Koreyada narahatlıq doğurması təsadüfi deyil:

 

“Hər kəs bilir ki, bu bölgədə Şimali Koreyanın həm Cənubi Koreya, həm də Yaponiya ilə müəyyən ziddiyyətləri var. Nəzərə alaq ki, son vaxtlar Yaponiya artıq İkinci Dünya müharibəsindən sonra hərbi sahədə fəaliyyətinin konstitusion qaydada məhdudlaşdırılması siyasətindən imtina etməyə başlayıb. Əslində, Yaponiya öz hərbi-dəniz qüvvələrini və raket imkanlarını yeniləməyə və gücləndirməyə başlayıb. Baxmayaraq ki, İkinci Dünya müharibəsindən sonra Yaponiya militarizasiya sahəsində müəyyən məhdudiyyətlər altındadır, ölkə bu məhdudiyyətlərdən birtərəfli qaydada imtina etməyə başlayıb. Bu da təbii ki, Çində və Şimali Koreyada narazılıq doğurur və onların adekvat reaksiyalarla buna cavab verməsinə səbəb olur. Bu gün Şimali Koreyanın raket sınaqlarını yalnız Yaponiyanın militarizasiya sahəsindəki məhdudiyyətlərdən imtinasına reaksiya kimi qiymətləndirmək düzgün deyil. Zatən Şimali Koreya onsuz da bu bölgədə beynəlxalq məhdudiyyətlərə tabe olmayan və sürətlə silahlanan ölkədir. Çünki silahlanmanı sürətlə davam etdirir, raket qüvvələrini və nüvə texnologiyalarını daim gücləndirir”.

 

Siyasi şərhçi həmçinin bunu da qeyd edib ki, Şimali Koreya Yaponiya və Cənubi Koreyanın timsalında həmişə özünə bu bölgədə düşmən və rəqib görüb:

 

Ona görə də Şimali Koreyanın raket sahəsindəki yeni hazırlıqlarına bölgədəki ümumi hərbi eskalasiyanın tərkib hissəsi kimi baxmaq lazımdır. Bunlar, sözsüz ki, bölgədə dayanıqlı sülhü və sabitliyi təhdid edir. Nəzərə alsaq ki, bir tərəfdən Şimali Koreyanın raket silahlanması, digər tərəfdən Yaponiyanın hərbi məhdudiyyətlər siyasətindən imtina etməsi və nəhayət, Tayvan ətrafında cərəyan edən proseslər bölgədə ümumi sülhü və təhlükəsizliyi böyük şübhə altına atır. Bir sözlə, Şimali Koreyanın raket sahəsindəki aktivliyi bölgədə ümumi təhlükəsizliyi təhdid edən səbəblərdən biridir. Bölgədə təhlükəsizliyi təhdid edən bir amil kimi Şimali Koreyanın bu addımları müəyyən məsuliyyət yaradır. Bölgədəki ümumi sülh və təhlükəsizliyin qorunması baxımından Şimali Koreya da məsuliyyət daşıyır. Buna görə də Şimali Koreyanın bu gün atdığı addımları bölgəni yeni müharibə mərhələsinə doğru aparan təhlükəli addımlardan biri kimi dəyərləndirmək lazımdır”.

 

Güllər Gülhüseynova

#sınağına #baki #gündəm #xəbər #şimali
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər