Yararlılıq müddəti bitmiş külli miqdarda kolbasa və ət məhsulları aşkarlanıb
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsindən verilən məlumata əsasən Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində yerləşən, Səfərəliyev Kamil Sədyar oğluna məxsus anbarda yoxlama aparılıb. Araşdırma zamanı yararlılıq müddəti bitmiş, istehlaka yararsız, üzünü kif örtmüş kolbasa və ət məhsullarını alaraq, kifi təmizləyib, istehsal və son istifadə tarixini pozaraq Sumqayıtda ictimai iaşə müəssisələrinə və şadlıq saraylarına satan şəxs aşkarlanıb. Yoxlama zamanı anbarda 2085 kq yararlılıq müddəti bitmiş, istehlaka yararsız kolbasa və ət məhsulları götürülüb. Yararlılıq müddəti bitmiş, istehlaka yararsız kolbasa və ət məhsullarının satışının və realizasiyasının dayandırılması barədə vətəndaşa tələbnamə təqdim olunub və məhsullardan nümunə götürülərək laboratoriyaya verilib. Fakt üzrə araşdırmalar davam etdirilir.
