YAŞADIĞIMIZ FACİƏLƏR
Bu məqaləni yazmağa başlarkən Mirzə Cəlilin “Molla Nəsrəddin” jurnalının 8 mart 1909-cu il tarixli, 10-cu sayında yazdığı bu sözləri xatırladım: “...Doğrudan mən həmişə Bakının işlərini eşidəndə xarab olardım. Həqiqət, bu qədər bədbəxtlik, bu qədər zülm və fəsad ki, Bakıda üz verdi, heç bir yanda olmayan və eşidilməyən bir iş idi...”. Sən demə Bakının başı illər boyu çox bəlalar çəkibmiş. Tanrı daha dəhşətlisindən qorusun...
...Qarşımda “Kommunist” qəzetinin 1990-cı ilin yanvar ayında çap olunan sayları var. Gözdən keçirirəm. Qəzetin məzmunu mənə 1920-30, 1940-50–ci illərin qəzetlərini xatırlatdır. O qəzetlərini ki, birinci səhifəsindən sonuncu səhifəsinə kimi Leninə, Stalinə həsr edilmiş yazılar, onların uzun-uzadı məruzələri və s.
Diqqət yetirirəm “Kommunist”in 16 yanvar 1990-cı il tarixli sayına. Qəzetin dörd səhifəsindən üçü yanvarın 13-də Litva partiya fəallarının yığıncağında çıxış edən Sovet İKP MK-nın Baş katibi, SSRİ Ali Sovetinin Sədri Mixail Sergeyevic Qorbaçovun söylədiyi nitqə həsr edilib. Qalanlar isə “Azərinform”un, Respublika Daxili İşlər Nazirliyinin, Respublika Baş Prokrorluğunun, Bakı Şəhər partiya Komitəsinin verdiyi informasiyalardır ki, onlarda da Mərkəzin abu-havası hiss edilir. Birtərəfli, yanlış, həqiqətdən uzaq olan bu informasiyalarda yanvarın 13-də Bakıda baş verən hadisələr haqqında məlumat verilir.
Məsələn, qəzet “Bakıda vəziyyətə dair” sərlövhəli xəbərdə öz soydaşlarını yetərincə şuluqçu, cinayətkar,ekstremist adlandıraraq yazır: “Yanvarın 13-də Bakıda törədilmiş iğtişaşlar və azğınlıqlar zamanı faciəli hadisələr baş vermişdir. Adamlar, əsas etibarı ilə ermənilər cinayətkarların əlində həlak olmuşlar, onlarca erməni yaralanmış və onların mənzilləri talanedilmişdi”.
Hörmətli oxucu! “Kommunist” qəzeti bunu yazanda artıq 1988-cı ilin son aylarından 1990-cı ilin ilk günlərinə kimi onlarla, yüzlərlə yox, minlərlə azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş, doğma elindən-obasından, evindən-eşiyindən didərgin salınmış, evləri talan edilmişdir. Görəsən “Kommunist” bunu niyə yazmırdı? Niyə hələ də həqiqəti öz xalqından gizlədərək onu cinayətkar adlandırırdı?
Axı bu bir faktdır ki, o zaman Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirovun rəhbərlik və şəxsi nəzarəti ilə Bakıda yaşıyan ermənilər ölkənin güc rəhbərliklərinin birbaşa köməyi və qayğısı ilə buradan başqa şəhərlərə yola salınmışlar.
“Azərinform”un 17 yanvar 1990-cı il tarixli məlumatından oxuyuram: “Ermənilərin böyük bir qrupu “Sovet Tacikistanı” bərəsi ilə Krasnovodska yola salınmışlar. Bu reyslə təxminən 700 adam gedir. Bu gün daha bir böyük qurupu yola salmaq planlaşdırılır”.
Qəzetin 18 yanvar 1990-cı il tarixli sayında “Azərinform”un müxbiri N. Demidov yazırdı: “Təəssüf ki, Bakıda tam sakitlik yaranmamış və bu sakitliyə hələ çox var”.
Demidov haqlı idi. Çünki sabah-yanvarın 19-u Bakı dəhşətli bir burulğanın içində boğularaq, uzun müddət sakitliyinə möhtac qalacaq. “Kommunist” isə ölkədəki bu gərginlikdən bircə kəlmə də olsun söz açmır, əksinə həmişəki kimi, Kommunist partiyasına istək vəarzularını təbliğ edərək böyük qardaşına sədaqətini bir daha sübut etməyə çalışır. O böyük “qardaşa” ki, cəmi bir gün sonra 19-dan 20-ə keçən gecə əsrin ən böyük faciəsini Azərbaycan xalqına yaşatdı.
19 yanvar 1990-cı il. Ölkəmizdə hər kəs Bakıyarus qoşunlarının yeridilməsi söz-söhbətindən danışırdı. Kimi buna inanır, kimi də əliyalın xalqın üstünə “böyük qardaş”ımızın silah yeritməyini heç təsəvvür belə etmirdi. Axı biz 70 il onların ən sədaqətli qulu olmuşuq. Qara qızılımızı, ağ qızılımızı minlərlə nemətimizi özümüz yeməyib onlara yedizdirmişik, dahi Mirzə Cəlil demiş: “Harda urus görsək qaçıb demişik-canım səna fəda olsun ay urus”. Bəs onda illərlə canımızı, malımızı fəda etdiyimiz “qardaşlarımız” bizi niyə qırdı?
Əslində bu qırğında günah yenə də özümüzdədir. Çünki ölkədəki vəziyyət haqqında xalqa səhv informasiya verilirdi. Bu isə xalqda çaşqınlıq yaradırdı.
Qırğından əvvəl Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri Elmira Mikayıl qızı Qafarova dövlət televiziyası və radiosu ilə “Bakıya Mərkəzdən heç bir silahlı qüvvə dəvət edilməyib və hər kəs buna arxayın olsun” məzmunlu on-on beş dəqiqəlik çıxışı ilə bir daha Kommunist partiyasına sədaqətini bəyan etdi. Hansı ki, xanımın çıxışından beş dəqiqə keçməmiş AzTV-nin enerji bloku partladıldı və qırğın başladı. Təbii ki, Elmira xanım heç də məlumatsız deyildi ki, SSRİ Silahlı Qüvvələrinin, SSRİ Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, SSRİ Dövlət Təhlükəsizliyinin qoşunları artıq Bakının küçə və meydanlarına doğru hərəkət edirlər. Bəs onda görəsən xanım nə üçün belə bir çıxışla xalqına müraciət etdi?
Çünki uzun illər, hətta orta məktəbdən Leninçi ideologiyası ilə böyüyən bu xanım (Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı MK-nin katibi, Bakı Şəhər Partiya Komitəsinin katibi, Xalq Maarif Naziri, Azərbaycan Xarici İşlər Naziri, Azərbaycan SSR Nazirlər Sovetinin Sədrinin müavini, Azərbaycan SSRİ Ali Sovetinin deputatı, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri) belə bir böyük və məsul vəzifələri, xoş gün-güzaranı ona bəxş edən partiyasına xəyanət etməyəcəydi və etmədi də. Amma milli qürur, milli hiss deyilən bir anlam da var ki, bunu hər kəs dərk edə bilmir...
Qırğının səhəri günü yanvarın 21-də Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası keçirilir. Sessiyada Elmira xanım bu hadisəyə qarşı öz etirazını bildirərək bəyanətlə çıxış edir. Nənəm demiş, bu “daldan atılan daşa” bənzəmirmi?
18 dekabr 1991-ci ildən, 1992-ci ilin 28 fevralına kimi Elmira Qafarova müstəqil Azərbaycan Respublikası Ali Sovetinin sədri olub. Bu üç ay ərzində bir jurnalist kimi Elmira xanımla müxtəlif iclaslarda görüşdüm, çıxışlarını dinlədim, müsahibə götürdüm. Bəlkə də kimsə mənimlə razılaşmaz, öz işidir. Amma mən qətiyyətlə deyə bilərəm ki, Elmira xanım elə onda da qəlbən əsl kommunist olaraq qalırdı. Əslində,bununla Elmira xanım illərlə sədaqətlə qulluq etdiyi partiyaya, məsləkinə sədaqətini bəyan edirdi. Yoxsa bir gecənin içində dönüb başqa partiyaçı olanlar kimi...
Burada yadıma görkəmli publisist, satirik şair Səməd Mənsurun “Məsləksiz” şeirindən bir parça düşdü. Gündə bir partiyanın üzvü olan məsləksizlərə, simasızlara üz tutan şair deyirdi:
Yel hayandan əsir o yana tut üzünü,
Gündə bir rəngə düşüb gah qara, gah sarı görün.
Ay canım, pul gərək insana, nə lazım məslək,
Harda xeyrin olur isə, ora gəl, barı görün.
Amma onu da deyim ki, xalqına səhv informasiya verən təkcə Elmira xanım olmadı. Dəhşətli, amansız, ağır bir faciəni respublika rəhbərliyinin göstərişi ilə “Azərinforum” belə yayımladı: “Bakının küçələrində 93 nəfər həlak olmuşdur-75 nəfər mülki şəxs, o cümlədən 3 qadın və 3 uşaq; 18 nəfər ictimai asayişi mühafizə nümayəndəsi, o cümlədən milisdən 4 nəfər, SSRİ Daxili İşlər Nazirliyi qoşunlarından 6 nəfər, Sovet Ordusundan 8 nəfər həlak olmuşdur. Tibbi yardım üçün 715 nəfər müraciət etmişdir -639 nəfər mülki şəxs (onlardan 377 nəfəri xəstəxanadadır), 76 nəfər hərbi qulluqçu, o cümlədən milisdən 4 nəfər, SSRİ Daxili İşlər Nazirliyi qoşunlarından 42 nəfər, Sovet ordusundan 30 nəfər.
Məlumat respublika Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunub”.
Fikir verin bu səhv informasiya respublikanın iki böyük Nazirliyi tərəfindən təsdiq edilib.
...Bu məqaləni hazırlayarkən bir çox kitabxanalarımıza baş çəkdim. Çox təəssüflər ki, əksəriyyətində, hətta M.F.Axundov adına Milli Kitabxanada da 20 yanvar faciəsini əks etdirən o dövrki mətbuatın əksəriyyətini əldə edə bilmədim. Kitabxanalardan birində kitabxanaçı xanım çox sakit vəlaqeydcəsinə dedi ki; “...O illərdən olan beş-altı qəzet var idi bizdə, uzun müddət elə dəhlizdəcə qaldı. Sonra da yox oldu”.
Heyif bu yox olan sadəcə o qəzetlər deyil, tariximizdir. O tariximiz ki, bugünki, gənclik onu hava-su kimi bilməlidir. Təəssüflər olsun! Laqeydliyimiz üzündən yaşadığımız faciələr bizi yenə də dəyişmir.
Əvvəldə olduğu kimi sonda yenə dahi Mirzə Cəlilin sözlərini xatırladım. Allah sənə qəni-qəni rəhmət eləsin ay Mirzə, nə gözəl demisən: “Bir millət ki, özünün, məscidinin, millətinin qədrini bildi, ona qəyyum lazım deyil, məsələn, polyak, alman, firəng, yəhudi, vəb.kimi”.
“Kaspi” qəzeti, 27 yanvar 2015
BDU-nun professoru Qərənfil Dünyaminqızı
