Yaxın illərdə turizmin genişlənməsi minlərlə iş yerinin açılmasına töhvə verə bilər
Son illərdə ölkəmizdə turizmin inkişafı istiqamətində böyük layihələr icra olunub, müasir infrastruktur yaradılıb. Həmçinin turizm sənayesinin sürətli inkişafını təmin etmək məqsədilə fərman və sərəncamlar imzalanıb, dövlət proqramları qəbul olunub, mühüm layihələr gerçəkləşdirilib.
Mövzu ilə bağlı Skal Baku Turizm peşəkarları təşkilatının sədri Ceyhun Aşurov "İnformator.az"a açıqlama verib. O bildirib ki, COVID-19 pandemiyasından sonra ölkə turizm sahəsində bərpa mərhələsini yaşayır:
"Azərbaycanda turizmin inkişafı istiqamətində son illərdə mühüm infrastruktur layihələri həyata keçirilib. Avtomobil yollarının yenilənməsi, sürətli dəmir yolu xətlərinin istifadəyə verilməsi, eləcə də beynəlxalq hava limanlarının tikintisi və yenidən qurulması bu sahənin inkişafı üçün əsas şərtlərdən hesab olunur. Ölkədə sabitliyin və təhlükəsizliyin təmin edilməsi turizm potensialını artıran başlıca amillərdəndir. Təsadüfi deyil ki, turizm sektoru Azərbaycanın prioritet iqtisadi sahələrindən biri elan olunub və bu istiqamətdə ardıcıl addımlar atılıb. Hazırda Qarabağ bölgəsində genişmiqyaslı layihələr icra olunur, yeni otellər inşa edilir və müxtəlif hədəf bazarları üzrə təşviqat işləri aparılır ki, ölkəyə gələn turistlərin sayı artsın".
Müsahib qeyd edib ki, viza prosedurlarının sadələşdirilməsi, bəzi ölkələrlə vizasız rejimin tətbiqi də turizmin inkişafına müsbət təsir göstərən addımlar sırasındadır:
" Azərbaycan bir sıra beynəlxalq tədbirlərə və iri layihələrə ev sahibliyi edir ki, bu da ölkənin turizm məkanı kimi tanınmasına ciddi töhfə verir. Turizm dünyada ən çox məşğulluq yaradan və ölkələrə yüksək gəlir gətirən sahələrdən biridir. Qlobal miqyasda yüz milyonlarla insanın məşğulluğu bu sektorla bağlıdır. Azərbaycanda da turizmin iqtisadiyyatda payı ildən-ilə artır. COVID-19 pandemiyasından sonra ölkə turizm sahəsində bərpa mərhələsini yaşayır".
Ceyhun Aşurov qeyd edib ki, regionda baş verən hadisələr və digər obyektiv amillər səbəbindən turist axınında hələlik arzu olunan artım tam müşahidə olunmur:
"Turizmin inkişafı qeyri-neft sektorunun genişlənməsinə, ölkəyə valyuta axınının artmasına, vergi daxilolmalarının yüksəlməsinə və yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verə bilər. Hazırda Azərbaycanda 9 beynəlxalq hava limanı fəaliyyət göstərir. Bakı ilə yanaşı, regionlarda yerləşən hava limanlarının daha səmərəli istifadəsi ölkəyə turist axınının artmasına əlavə stimul verə bilər. Bu isə öz növbəsində turizmdən əldə olunan gəlirlərin yüksəlməsinə, məşğulluğun genişlənməsinə və iqtisadi aktivliyin artmasına müsbət təsir göstərəcək".
Səmayə Səftərova
