Yaxın Şərq böhranı Azərbaycana necə təsir edir?
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Polşanın baş nazirinin müavini, Xarici İşlər naziri Radoslav Sikorski Yaxın Şərq və Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər.
Mövzu ilə bağlı siyasi şərhçi Abdutalıb Səmədov “İnformator.az”a açıqlamasında bildirib ki, Yaxın Şərqdəki gərginlik Azərbaycan üçün müəyyən üstünlüklər yaratsa da, daha çox risklər təşkil edir:
“Neft qiymətlərinin artması gəlirlərimizi artıra bilər, lakin bu, qısa müddətli hadisədir. Bunun yaratdığı ciddi problemlər də var. Yaxın Şərqdəki gərginlik ilk növbədə bölgədə təhlükəsizlik riskini artıra, sərhəd xidmətinin üzərinə əlavə yük qoya bilər. Radikal qruplar aktivləşə bilər. İranla münasibətlərdə gərginlik daha da arta bilər. Ticarət və nəqliyyat əlaqələrimizdə problemlər yarana bilər. Məsələn, Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi xeyli azala bilər. Qaçqın axını təhlükəsi də yarana bilər ki, bu da ciddi riskdir. Polşa ilə Azərbaycan arasında əməkdaşlıq barədə danışarkən birgə hərbi və müdafiə sahəsində əməkdaşlıq məqamlarını qeyd etmək lazımdır. Burada hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi, NATO standartlarına daha tez uyğunlaşma, kibertəhlükəsizlik və enerji təhlükəsizliyi sahələrində əməkdaşlıq, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət kimi istiqamətlər ön plana çıxır”.
Həmçinin politoloq qeyd edib ki, Polşa ilə Azərbaycan arasında əməkdaşlığın daha da güclənməsi ehtimalı var:
“Bu hər iki dövlət üçün mühüm əhəmiyyət daşıyır. Cənubi Qafqazda təhlükəsizlik balansı İkinci Qarabağ müharibəsində əldə olunan qələbədən sonra dəyişməyə başlayıb. Artıq burada Rusiyanın əsas güc olmaq imkanları azalıb. Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı bölgəyə daha çox təsir imkanları qazanıblar. Enerji təhlükəsizliyi sahəsində Azərbaycan Avropanın əsas tərəfdaşlarından birinə çevrilib. Bu da Azərbaycanın balanslaşdırılmış, çoxvektorlu xarici siyasət yürütmək imkanlarını artırıb və enerji diplomatiyasından daha aktiv istifadə etməsinə şərait yaradıb. Bu dəyişikliklər Azərbaycanın regional güc kimi mövqeyini daha da möhkəmləndirib, balanslı və praqmatik xarici siyasət kursunu dərinləşdirib”.
Günel Əlili