“Yaxın Şərqdə güc balansı dəyişəcək” - ŞƏRH
ABŞ-nin İranla atəşkəsdən əvvəl olduğundan daha güclü mövqedə olduğu bildirilir.
Mövzu ilə bağlı siyasi şərhçi Tural İrfan “İnformator.az”a açıqlamasında qeyd edib ki, Amerika Birləşmiş Ştatları prezidentinin ziddiyyətli və qeyri-ciddi açıqlamaları prosesi daha da gərginləşdirir:
“Region ölkələri atəşkəsin uzanmayacağı təqdirdə İranın davranışına uyğun addım atacaq. ABŞ-nin İrana qarşı keçirdiyi hücum əməliyyatlarının nəticəsində İran tərəfi də öz hücum planına uyğun olaraq əsasən İsrailə atəş açır. Lakin region ölkələri üçün ümumilikdə regionda müharibənin davam etməsi narahatlıq doğurur. Yaxın Şərqdə güc balansı dəyişəcək. Stabil qalması üçün müharibənin sonunu və nəticələrini gözləmək lazımdır. Məlumdur ki, ABŞ həm hərbi, həm siyasi, həm də iqtisadi yöndən İrandan daha güclüdür və xüsusilə də İsraillə eyni cəbhədədir. Şübhə yoxdur ki, İranı vaxtilə İraqdakı vəziyyətlə qarşılaşdıra, qoşun yeridə bilərdilər. Lakin İranın diplomatik səyləri ABŞ və İsrailin fasilə verməsinə səbəb olub. Hazırda ABŞ və İsrail atəşkəsdə və sülhdə maraqlı deyil. Müəyyən mərhələni başa vurub, yenidən hərbi müdaxilə edəcəklər. İranda hakimiyyətin sentyabr ayına qədər dəyişməsi başlanğıc planlarının tərkibi olaraq qalır. Yaxın Şərqdə İranın təsiri demək olar ki, minimuma enib. Hizbullaha qarşı həm hərbi əməliyyatlar keçirilir, həm də Livan hökumətini bu təşkilatı sıxışdırmağa məcbur edirlər. Atəşkəs kövrəkdir və müharibə ehtimalı qalmaqdadır”.
Aytac İbrahimova