00:00:00
Yazar
Aysel Mirzəyeva
17.02.2026 21:20 19 2 dəq oxuma
Siyasət Özəl

"Yekun razılaşma üçün daha bir neçə mərhələ görüşlərin keçirilməsinə ehtiyac var" - ŞƏRH

"Yekun razılaşma üçün daha bir neçə mərhələ görüşlərin keçirilməsinə ehtiyac var" - ŞƏRH

Məsud Pezeşkian bildirib ki, regiondakı dost hökumətlərin iştirakı və vasitəçiliyi ilə keçirilən İran-ABŞ danışıqları irəliyə doğru atılmış addımdır. Onun sözlərinə görə, dialoq Tehran üçün problemlərin sülh yolu ilə həllinin əsas strategiyası olub.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov qeyd edib ki, Pezeşkianın danışıqları “irəliyə doğru addım” kimi qiymətləndirməsi reallığı əks etdirir:

 

“Hərbi qarşıdurma ilə müqayisədə məsələlərin sülh və siyasi dialoq yolu ilə həlli daha müsbət və rasional variant hesab olunur. Bu yanaşma onu göstərir ki, İran danışıqlar vasitəsilə ABŞ-nin tələblərinin ən azı bir hissəsinin yumşaldılmasına, bəzilərinin isə gündəlikdən çıxarılmasına nail olacağına ümid edir və nəticədə öz maraqlarına uyğun razılaşma əldə etməyə çalışır. Bu baxımdan danışıqlar həm İran, həm də ABŞ üçün vacibdir. Lakin prosesə ciddi təsir göstərən mühüm amillərdən biri İsrail faktorudur. Region ölkələrinin vasitəçilik səylərinin Tehrandan müsbət qarşılanması anlaşılandır. ABŞ ilə yaxın münasibətləri olan Türkiyə, Qətər və digər ərəb dövlətləri Vaşinqtonla təmaslar quraraq münaqişənin hərbi yolla deyil, danışıqlar masasında həllinin mümkünlüyünü vurğulayıblar. Hazırda danışıqların məhz Omanın vasitəçiliyi ilə aparılması bölgə ölkələrinin prosesdə mühüm rol oynadığını göstərir”.

 

Ekspert qeyd edib ki, İranın əsas strategiyası ABŞ və İsrailin irəli sürdüyü tələblərdən yalnız biri nüvə proqramı ilə bağlı məsələnin müzakirəsinə razılıq verməkdir:

 

“Qarşı tərəfin 4 əsas şərti var. İranın nüvə proqramının tam dayandırılması, ballistik raketlərin istehsalının və uçuş məsafəsinin 300 kilometrədək məhdudlaşdırılması, Tehranın regiondakı proksi qüvvələrə, husilər və digərlərinə dəstəyinin dayandırılması və təxminən 400 kiloqram zənginləşdirilmiş uranın beynəlxalq nəzarətə verilməsi. Tehran isə nüvə proqramının tam dayandırılmasına deyil, uranın zənginləşdirilməsinin müəyyən səviyyədə saxlanılması şərti ilə razılaşma əldə etməyə çalışır. Əvəzində ABŞ-nin sanksiyaları yumşaltması və İran iqtisadiyyatının bundan faydalanması əsas hədəf kimi qiymətləndirilir. Hazırda Cenevrədə keçirilən görüşlərin nəticələrinin necə olacağı yaxın vaxtlarda məlum olacaq. Rəsmi açıqlamalarda danışıqlar konstruktiv kimi təqdim edilsə də, hələlik konkret nəticə əldə olunmayıb. Görünən odur ki, yekun razılaşma üçün daha bir neçə mərhələ görüşlərin keçirilməsinə ehtiyac var”.


Cavahir Əsgərbəyli

#görüşlərin #azərbaycan #keçirilməsinə #şərh
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər