Yeni asma körpü tıxacı azaldacaq
Paytaxtla yanaşı, Sumqayıt yolu istiqamətində aparılan genişləndirmə və yenidənqurma işlərinə baxmayaraq, tıxac problemi hələ də sürücülərin əsas narahatlığı olaraq qalır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, hazırda sürücülərə ən çox çətinlik yaradan məsələlərdən biri avtobus dayanacaqlarındakı vəziyyətdir:
“Pik saatlarda avtobus dayanacaqlarının idarə olunması mümkün idi, lakin təəssüf ki, bu, düzgün tənzimlənməyib. Dayanacağın altında dayanma vaxtı göstərilmədiyinə görə avtobus bəzən 15 dəqiqəyə yaxın dayanır və nəticədə yol faktiki olaraq bir saata qədər bağlana bilir. Bu da həm yerli sürücülərə, həm də magistral istiqamətində hərəkət edənlərə ciddi maneə yaradır”.
Ekspertin sözlərinə görə, genişləndirmə işləri tam başa çatmadan bəzi zolaqların vaxtından əvvəl bağlanması tıxacı daha da artırıb:
“İşlər mərhələli şəkildə aparılmalı idi. Yeni yol tam istifadəyə verildikdən sonra köhnə zolaqların bağlanması daha məqsədəuyğun olardı. Tələskənlik müəyyən sıxlıqlara səbəb olub”.
Bununla belə, Adil Nəbiyev layihənin yekun nəticəsinin müsbət olacağını düşünür:
“Yolun genişləndirilməsi və yeni asma körpünün işə düşməsi tıxacı əhəmiyyətli dərəcədə azaldacaq. Asma körpü çox uğurlu həll yoludur. Bu cür körpülər digər prospekt və kəsişmələrdə də tikilsə, şəhərdaxili hərəkət daha rahat olar. Layihə tam başa çatdıqdan sonra Sumqayıt yolunda tıxac problemi əvvəlki illərlə müqayisədə xeyli azalacaq”,-deyə o, fikirlərini yekunlaşdırıb.
Fidan Ağayeva
