YENİ ÇƏKİLƏN AVTOBUS ZOLAĞI EFFEKTİV OLMAYIB ?
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Moskva prospektinin Biləcəri enişi adlanan hissəsindən Həmdəm Ağayev küçəsinədək olan ərazidə avtobuslar üçün xüsusi hərəkət zolağı yaradılıb. İctimai nəqliyyatın fasiləsiz hərəkəti şəhər mobilliyinin təmin olunması baxımından vacib sayılır. Çünki sərnişindaşımanın böyük hissəsi məhz avtobusların üzərinə düşür. Avtobusların tıxacda qalması isə bütün xətt boyunca intervalların pozulmasına gətirib çıxarır.Lakin yeni zolağın tətbiqi əksər sürücülərin narazılığına səbəb olub. Şikayət edənlər iddia edir ki, zolağın qüvvədə olma saatlarının müəyyən edilməməsi ümumi yol hərəkətini daha da ağırlaşdırır və əlavə tıxaclar yaradır.

Mövzu ilə bağlı “İnformator.az”a danışan sürücü Həsən Qasımov bildirib ki, bu zolağın gündəlik hərəkətə ciddi faydası yoxdur:
“Gün ərzində buradan cəmi 5–6 avtobus keçir, amma yüzlərlə sürücü əlavə sıxlıqda qalır”.
Sürücü Musa Əliyev də oxşar fikirdədir. O hesab edir ki, zolağın ən azı müəyyən saatlarda tətbiqi daha məntiqli olardı.

Bununla yanaşı, avtobus sürücüləri yeni tətbiqin müsbət tərəflərinin olduğunu deyirlər. Avtobus sürücüsü Eldəniz Rəsulov bildirib ki, zolaq onların işini xeyli yüngülləşdirib:
“Əvvəllər pik saatlarda bu yolu 15 dəqiqəyə gedirdiksə, indi xüsusi zolağın yaradılmasından sonra məsafəni 4 dəqiqəyə qət edirik”.
Son dönəmlər müşahidələr göstərir ki, əvvəl tıxaclar əsasən pik saatlarda yaranırdısa, avtobus zolağının tətbiqindən sonra artıq günün demək olar ki, bütün saatlarında ciddi sıxlıq qeydə alınır.
Məsələ ilə bağlı AYNA-ya sorğu ünvanladıq. Qurumun mətbuat katibi Tural Orucov “İnformator.az”ın ünvanladığı sorğuya cavabında bildirib ki, sözügedən ərazidə avtobusların rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə zolaq təşkil olunub:

"Bununla da mövcud xüsusi hərəkət zolağı yeni hissə ilə əlaqələndirilib. Hazırda həmin istiqamətdə 102, 114A, 114B, 119, 142, 158, 159, 170, 199, 500, 503, 508, 525, 594 və E2 nömrəli marşrutlar fəaliyyət göstərir. Bu isə Sumqayıt, Xırdalan və Masazır istiqamətinə hərəkət edən sərnişinlərin fasiləsiz daşınmasına müsbət təsir göstərir".
O da bildirilib ki, ərazidə monitorinqlər davam edir və zolağın qüvvədə olma saatı ilə bağlı dəyişiklik ediləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək.

Vüqar Alışov
