Yeni il hədiyyə qutuları ilə bağlı xəbərdarlıq
Yeni il ərəfəsində hədiyyə qutularına marağın artmasını nəzərə alan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vətəndaşlara müraciət edib. Bildirilib ki, uşaqlar üçün nəzərdə tutulan şirniyyatlı Yeni il hədiyyə qutuları yalnız mağazalar, yarmarkalar və digər rəsmi satış yerlərindən alınmalıdır. Qurum, qeyri-rəsmi satış nöqtələrində təqdim olunan məhsulların sağlamlıq üçün risk yarada biləcəyini diqqətə çatdırıb.
Mövzu ilə bağlı qida mühəndisi, nutrisioloq Fərid Səfərov “İnformator.az”a açıqlamasında bildirib ki, valideynlər məhsulları uşağın yaşına və sağlamlıq durumuna uyğun seçməlidirlər:
“Yeni il ərəfəsində uşaqlar üçün nəzərdə tutulmuş hədiyyə qutuları xüsusi diqqət tələb edir. Çünki bu məhsullar birbaşa həssas yaş qrupunun sağlamlığına təsir göstərir.
Hədiyyə qutularına daxil edilən məhsulların üzərində istehsal və son istifadə tarixi, tərkibi, istehsalçı və idxalçı məlumatları aydın oxunmalıdır. Süni rəngləndiricilər, dad gücləndiriciləri və allergen maddələr olmamalıdır. Sertifikatsız, açıq şəkildə satılan və ya mənşəyi bilinməyən şirniyyatlar uşaqlar üçün risk daşıyır. Xüsusilə xırda hissəciklərdən ibarət, boğulma riski yaradan məhsullardan qaçmaq vacibdir".
Həmçinin o, temperaturun qida üzərindəki rolundan da danışıb:
"Hədiyyə qutuları uyğun temperaturda və quru mühitdə saxlanmalıdır. İsti, rütubətli və günəş şüalarına məruz qalan şəraitdə şokolad, vafli və konfetlərin tərkibi pozula, kiflənmə və mikroorqanizm riski arta bilər. Bu isə zəhərlənmə və mədə-bağırsaq problemlərinə səbəb ola bilər.
Hədiyyə qutuları yalnız rəsmi və etibarlı satış nöqtələrindən alınmalı, qablaşdırmanın zədəsiz olmasına diqqət yetirilməlidir. Ev şəraitində qutular açıldıqdan sonra məhsullar uzun müddət saxlanmamalı, uşaqlara nəzarətsiz şəkildə verilməməlidir. Valideynlər məhsulları uşağın yaşına və sağlamlıq durumuna uyğun seçməlidirlər.
Unutmayaq ki, bayram sevinci təhlükəsizliklə tamamlandıqda daha dəyərli olur. Əgər uşaqları hədiyyə qutusu ilə sevindirmək istəyirsinizsə, qutunu alıb içərisinə özünüz uyğun bildiyiniz, övladınızın sevdiyi, faydalı və dadlı qidaları da qoya bilərsiniz”.
Aydan Əsgərxanlı
