Yeni il işıqlarının qorxunc fəsadları
Yeni il tətilləri yaxınlaşdıqca evlər və küçələr parlaq işıqlarla bəzənir. Lakin bu gözəl görüntülərin bəzi insanlar üçün sağlamlıq riskləri yaratdığı məlum olub. Xüsusilə sürətlə yanıb-sönən və rəngli işıqlar göz yorğunluğu, baş ağrısı, ürəkbulanma və görmə problemlərinə səbəb ola bilər. Qaranlıq otaqda parlaq işıqların müxtəlif tezlik və rəngləri, gözlərdə yanma və quruluq hissini artıraraq, həmçinin kontrast həssaslığını yüksəldir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında nevroloq Elşən Qarayev bildirib ki, bəzi hallarda bu işıqlarla həddindən artıq təmas müxtəlif problemlər yarada bilər:
“Uzun müddət və ya intensiv işıq göz yorğunluğu, baş ağrıları və yuxu pozuntularına səbəb ola bilər. Psixoloji olaraq da təsir göstərə bilər. Həyəcan, təşviş və panik halları artar. Miqreni olan insanlarda ağrılar şiddətlənə, işığa həssas epilepsiya növlərində isə tutmaların sayı arta bilər. Bu səbəbdən belə işıqlara uzun müddət məruz qalmaqdan qaçmaq və ehtiyatlı olmaq vacibdir. Həm fiziki, həm də psixoloji sağlamlığın qorunması üçün istirahət və rahatlama vaxtına diqqət yetirmək tövsiyə olunur”.
Ədilə Hüseynzadə
