00:00:00
Yazar
Güllər Gülhüseynova
10.07.2026 17:48 32 2 dəq oxuma
Siyasət

Yeni Konstitusiya layihəsi Ermənistanda siyasi gərginliyi artırır

Yeni Konstitusiya layihəsi Ermənistanda siyasi gərginliyi artırır

Paşinyan Ermənistanın yeni konstitusiya layihəsinin bu ilin sonunadək dərc olunacağını vəd edib.

 

Mövzu ilə bağlı politoloq Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Paşinyanın yeni Konstitusiya layihəsi ilə bağlı açıqlaması Ermənistanda revanşist siyasi qüvvələrin müəyyən qədər fəallaşmasına səbəb olacaq:

 

“Ermənistanda bir çoxları parlament seçkilərindən dərhal sonra yeni Konstitusiya layihəsinin ictimai müzakirəyə çıxarılacağını gözləyir. Hətta mart ayında Ermənistanın ədliyyə naziri bildirib ki, yeni Konstitusiya layihəsi martın sonu və ya aprelin əvvəlində ictimaiyyətə təqdim olunacaq. İyunun əvvəlində, seçkilər ərəfəsində nazir bəyan etdi ki, layihə ilə bağlı müvafiq dövlət qurumlarının rəyləri hələ tam toplanmayıb. Bu ziddiyyətli açıqlamalar revanşist qüvvələrdə belə bir ümid yaradıb ki, Ermənistan hakimiyyəti yeni Konstitusiya layihəsinin hazırlanması məsələsində tərəddüd edir. Ancaq Paşinyanın indi daha konkret mövqe ortaya qoyaraq ilin sonuna qədər yeni Konstitusiya layihəsini ictimai müzakirəyə təqdim edəcəyini bəyan etməsi, sözsüz ki, revanşist qüvvələrə, xüsusilə də radikal müxalifət dairələrinə təsir göstərəcək. Artıq Ermənistanda bir neçə radikal siyasi qüvvə blok yaradaraq əsas məqsədlərinin Konstitusiyanın dəyişdirilməsinin qarşısını almaq olduğunu açıqlayıb. Əslində, Konstitusiya dəyişikliyinə mane olmaq cəhdi Azərbaycanla sülh sazişinin imzalanmasının qarşısını almaq cəhdi kimi qiymətləndirilə bilər. Çünki həmin qüvvələr hesab edirlər ki, Konstitusiya dəyişdirildikdən sonra Azərbaycanla sülh sazişinin imzalanması prosesi sürətlənəcək. Bu səbəbdən onlar düşünürlər ki, sülh sazişinin qarşısını almaq üçün ilk növbədə Konstitusiya dəyişikliyini əngəlləmək lazımdır”.

 

Politoloq həmçinin bunu da qeyd edib ki, Azərbaycanın sülh sazişi ilə bağlı irəli sürdüyü əsas şərtlərdən biri də Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklərin edilməsidir:

 

“Buna görə də Paşinyanın seçkilərdən sonra bu məsələdə daha konkret mövqe nümayiş etdirməsi revanşist qüvvələrin fəallaşmasına səbəb olacaq. Bununla belə, Paşinyanın əlində mühüm dövlət resursları var. O, legitim hakimiyyətə malikdir və Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsinin dəstəyini qazanıb. Bu amillər ona revanşist qüvvələrin müqavimətini zəiflətmək və Konstitusiya islahatlarını irəli aparmaq imkanı verir. Nəticə etibarilə, Konstitusiyanın dəyişdirilməsi mürəkkəb və siyasi baxımdan çətin proses olsa da, Paşinyanın bu prosesi başa çatdırmaq üçün kifayət qədər siyasi imkanlara malik olduğu görünür”.

 

Güllər Gülhüseynova

#Konstitusiya #Ermənistan #Paşinyan #Azərbaycan #siyasət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər