“Yeni tunel və körpülərin tikintisi təkcə “tunel-körpü” məntiqi ilə aparılmamalıdır”
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq, Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunda daha bir tunel tipli yol ötürücüsünün inşasına start verib.
Mövzu ilə bağlı nəqliyyat eksperti İlqar Hüseynov “İnformator.az”a açıqlamasında bildirib ki, ümumiyyətlə, Prezident 2025–2030-cu illər üçün Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair dövlət proqramı qəbul edib:
“Bu proqram mahiyyətcə bütöv bir zəncir kimidir və hər bir kiçik tikinti layihəsi bu zəncirin bir halqası kimi qəbul olunmalıdır.
Əgər bu proqram real şəkildə həyata keçirilərsə, onun təsirlərini biz gələcəkdə 2030-cu ilə qədərki dövrdə həm Bakı sakinləri, həm də ətraf qəsəbələrdə yaşayan insanlar praktiki olaraq görə biləcəklər. Burada təkcə tunel tikintilərini ayrıca vurğulamaq düzgün olmazdı. Çünki bütün layihələr zəncirvari şəkildə bir-biri ilə bağlıdır və vahid proqramın tərkib hissəsidir. Bu proqram çərçivəsində 10 yeni metro stansiyasının tikilib istifadəyə verilməsi də nəzərdə tutulur. Tunellərin tikintisi olduqca ciddi mühəndis-texniki layihələndirmə, dəqiq hesablamalar tələb edir və şəhərsalma baxımından 50-100 illik perspektivə uyğunlaşdırılmalıdır. Məsələn, Şamaxinka ərazisində tikilən tunel, əksinə, Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələrinin hərəkət intensivliyinə problem yaradır. Əgər bu cür olacaqsa, belə tunelin heç bir faydası olmayacaq. Yeni tunel və körpülərin tikintisi təkcə “tunel-körpü” məntiqi ilə aparılmamalıdır”.
Aytac İbrahimova
