00:00:00
Yazar
Nigar Həsənzadə
14.02.2026 21:00 29 2 dəq oxuma
Sosial

Yeniyetmələrdə aqressiya problemi: səbəblər, əlamətlər və çıxış yolları

Yeniyetmələrdə aqressiya problemi: səbəblər, əlamətlər və çıxış yolları

Son illər yeniyetmələr arasında aqressiv davranışların artması valideynlər, müəllimlər və mütəxəssislər üçün ciddi narahatlıq doğurur. Psixoloji, sosial və texnoloji faktorların təsiri ilə formalaşan bu davranışlar vaxtında düzgün yanaşma olmadıqda daha ciddi problemlərə yol aça bilər. 

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Nizami Orucov bildirib ki, yeniyetməlik dövrü insan həyatının ən həssas və ziddiyyətli mərhələlərindən biridir:

 

"Bu dövrdə aqressiyanın daha çox müşahidə olunması ilk növbədə bioloji və hormonal dəyişikliklərlə bağlıdır. Orqanizmdə baş verən kəskin hormonal artım emosional dalğalanmaları gücləndirir, impuls nəzarətini zəiflədir. Beynin qərarvermə və nəticəni ölçmə ilə bağlı olan ön hissəsi isə hələ tam formalaşmadığı üçün yeniyetmə tez reaksiya verir, amma gec düşünür. Bunun üzərinə kimlik axtarışı, özünü təsdiqləmə ehtiyacı, həmyaşıd təzyiqi və ailə ilə fikir ayrılıqları əlavə olunanda aqressiya daha açıq formada üzə çıxa bilir. Əslində aqressiya çox vaxt qəzəbdən çox, anlaşılmamaq, dəyərsiz hiss etmək və ya daxili qarışıqlığın ifadəsidir.

 

Sosial şəbəkələr bu prosesi müəyyən qədər gücləndirə bilər. Virtual mühitdə zorakılıq və aqressiya tez-tez normallaşdırılır, sərt ifadələr, aşağılama və linç mədəniyyəti adi hala çevrilir. Yeniyetmə bu davranışları model kimi götürə, diqqət və təsdiq qazanmaq üçün aqressiv üsluba üstünlük verə bilər. Bundan əlavə, sosial mediada davamlı müqayisə, bəyənilmə ehtiyacı və rədd edilmə qorxusu daxili gərginliyi artırır ki, bu da aqressiv reaksiyalara zəmin yaradır. Lakin sosial şəbəkə tək səbəb deyil, əgər ailə mühitində açıq ünsiyyət, emosional dəstək və sağlam sərhədlər varsa, yeniyetmə virtual təsirləri daha sağlam süzgəcdən keçirə bilir".


Gövhər Mehyəddinova

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər