00:00:00
Yazar
Admin User
22.12.2025 17:39 73 2 dəq oxuma
Sosial

Yeniyetmələr arasındakı yeni təhlükə

Yeniyetmələr arasındakı yeni təhlükə

Daxili İşlər Nazirliyi məktəblilər arasında yayılan “snus” adlı tütün tərkibli məhsulla bağlı araşdırmaları davam etdirir. DİN-dən bildirilib ki, hazırda bu məhsulun narkotik və ya psixotrop maddə kimi qiymətləndirilməsinə dair rəsmi ekspert rəyi mövcud deyil.

 

Qeyd olunub ki, tərkibində nikotin olan istənilən məhsulun yetkinlik yaşına çatmayan şəxslərə satışı qanunvericiliklə qadağan edilir. Bu baxımdan hüquq-mühafizə orqanları mövcud vəziyyəti ciddi nəzarətdə saxlayır.

 

Mövzu ilə bağlı hüquqşünas Elşad İsayev “İnformator.az”a açıqlamasında bildirib ki, qanunvericilik azyaşlıların sağlamlığına zərər vura biləcək məhsulların satışı və yayılması ilə bağlı ümumi hüquqi normaları nəzərdə tutur və bu sahədə məsuliyyət müəyyən edir:

 

“Mütəxəssislərin fikrincə, nikotin tərkibli və mənşəyi bəlli olmayan bu cür məhsullar əsasən etibarsız məkanlarda yeniyetmə və gənclər arasında tütün asılılığı yaratmaq məqsədi ilə satışa çıxarılır. Bu məhsulların xüsusilə məktəblilər arasında yayılması ciddi narahatlıq doğurur və sağlamlıq üçün təhlükə yaradır.

 

Hazırda sözügedən məhsulun konkret olaraq narkotik və ya psixotrop maddə kimi təsnifatı aparılmayıb. Bununla belə, mövcud qanunvericilik azyaşlıların sağlamlığına zərər vura biləcək məhsulların satışı və yayılması ilə bağlı ümumi hüquqi normaları nəzərdə tutur və bu sahədə məsuliyyət müəyyən edir.

 

Xatırladılır ki, 2015-ci ilin may ayında Azərbaycanda yetkinlik yaşına çatmayanlara alkoqollu içki və tütün məmulatlarının satışı ilə bağlı cərimələr sərtləşdirilib. Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, azyaşlılara etil spirti, alkoqollu içki və tütün məmulatları satan şəxslər üçün maliyyə sanksiyalarının məbləği artırılıb. Belə hallara görə tətbiq edilən cərimələr 40 manatdan 100 manata qədər yüksəlib.

 

Məsul qurumlar bu istiqamətdə nəzarət və profilaktik tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayır, valideynləri və ictimaiyyəti uşaqların sağlamlığını təhdid edən bu cür məhsullara qarşı diqqətli olmağa çağırır”.

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər