Yollarda mövsümi təhlükə
Respublikanın bəzi dağlıq və dağətəyi rayonlarında qar yağması və havanın kəskin soyuması yol hərəkəti üçün risklər yaradıb. Baş Dövlət Yol Polisi İdarəsi axşam saatlarında temperaturun enməsi ilə gizli buzlaşma ehtimalının artdığını açıqlayıb.
Sürücülərə qışa uyğun olmayan və texniki nasaz avtomobillərlə yola çıxmamaq, körpülər, döngələr və enişli-yoxuşlu sahələrdə xüsusi diqqətli olmaq tövsiyə edilir. Sərnişindaşıma ilə məşğul olanlara isə axşam və gecə saatlarında daha təhlükəsiz alternativ marşrutlardan istifadə məsləhət görülür.
Mövzu ilə bağlı nəqliyyat vasitələri üzrə ekspert Aslan Əsədov “İnformator.az”a açıqlamasında bildirib ki, buzlaşma halları ciddi fəsadlara yol aça bilər və insan həyatı üçün təhlükə yaradır:
“Respublikanın dağətəyi rayonlarında qar yağması nəticəsində yaranan fəsadların aradan qaldırılması istiqamətində mühüm addımların atılması vacibdir. Burada əsas məsələ ondan ibarətdir ki, qış mövsümünə hazır olmayan nəqliyyat vasitələrinin istismarı müxtəlif çətinliklərə səbəb olur.
Xüsusilə də, Azərbaycan nəqliyyat infrastrukturunda qarşıya çıxan əsas problemlərdən biri nəqliyyat axınının səmərəli şəkildə təmin edilməməsi, infrastrukturun qış şəraitinə uyğunlaşdırılmaması, eləcə də sürücülər arasında nəqliyyat vasitələrinin istismarında bərabərsizlik və ya diskriminasiyanın mövcudluğudur.
Bundan əlavə, texniki hazırlığı və ya özünə inamı olmayan sürücülərin iştirakı, yol hərəkəti qaydalarına əməl edilməməsi və ümumilikdə nəqliyyat vasitələrinin düzgün idarə olunmaması ciddi fəsadlara yol aça bilər və insan həyatı üçün təhlükə yaradır.
Bu səbəbdən də nəqliyyat vasitələri üçün minimal texniki və təhlükəsizlik standartlarının müəyyənləşdirilməsi və bu sahədə nəzarətin gücləndirilməsi zəruridir”.
Aydan Əsgərxanlı
