Yuxuya sığınmaq: Problemlərdən qaçışın səssiz forması
İnsanların əksəriyyəti dincəlmək üçün yatarkən, qalanları isə gün ərzində bəzi problemlərdən uzaqlaşmaq məqsədilə yuxuya qaçır. Həmin insanlar gerçəklikdən uzaqlaşıb yuxular aləminin onlara bəxş etdiyi süni gözəlliklər ilə özlərini təsəlli edirlər. Bu təsəlli bir müddət sonra asılılığa çevrilir, ən xırda problemdə yatmaq çarə kimi görünməyə başlayır. Lakin nəticədə, insanlar gerçəklikdən bir müddətliyinə uzaqlaşa bilsə də,oyandıqda həqiqətlər ilə üzləşməli olurlar.
Mövzu haqqında psixoloq Fəridə Musəvi "İnformator.az"a açıqlamasında bildirib ki, ümumiyyətlə, həddindən artıq yatmaq çox vaxt psixoloji və bəzən də tibbi problemlərlə əlaqəli olur:
"Bəzi insanlar məsuliyyətdən qaçmaq, problemlərlə üzləşməmək və vaxt qazanmaq üçün yatmağı bir çıxış yolu kimi seçirlər. Lakin bu davranış problemi həll etmir, əksinə, zamanla depressiya, yuxu pozğunluqları və emosional gərginlik kimi hallara səbəb ola bilər. Çox yatmaq depressiya, yuxu apnoesi, narkolepsiya, hipersomniya və digər əsas yuxu pozuntularının əlaməti ola bilər. Bu vəziyyət enerjisizlik, əhval-ruhiyyə dəyişiklikləri, yaddaş zəifliyi və diqqət toplamaqda çətinliklərlə müşayiət olunur. Bəzi hallarda isə həddindən artıq yuxu daha ciddi psixoloji və ya tibbi problemlərin göstəricisi kimi ortaya çıxır. Buna görə də insanlar çıxış yolunu yatmaqda deyil, mövcud problemlərin səbəblərini araşdırmaqda və onların həllinə fokuslanmaqda axtarmalıdırlar".
Mələk Nəsirli
