00:00:00
Yazar
Zəhra Həsənova
27.02.2026 18:16 105 2 dəq oxuma
Texnologiya Özəl

Zəif internetə son - Tariflər bahalaşa bilərmi?

Zəif internetə son - Tariflər bahalaşa bilərmi?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi internetin sürətinə minimum hədd qoyulması ilə bağlı təkliflər hazırlayaraq aidiyyəti üzrə təqdim edib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında mütəxəssis Elvin Abbasov bildirib ki, İKTA-nın minimum internet sürəti ilə bağlı təklifi rəqəmsal xidmətlərə keyfiyyət standartı gətirir:

 

"Bu qərarın icrası istifadəçilər üçün birbaşa xidmət zəmanəti deməkdir. Provayder artıq texniki nasazlıq bəhanəsi ilə vəd etdiyi sürətdən aşağı xidmət göstərə bilməyəcək. Gündəlik istifadədə bu, onlayn təhsil, iş görüşmələri və axın xidmətləri zamanı pik saatlarda baş verən sürət düşmələrinin və donmaların minimuma enməsi ilə nəticələnəcək. İnfrastruktur baxımından Azərbaycanın bütün ucqar rayon və kəndlərinin artıq GPON (optik internet) şəbəkəsi ilə əhatə olunması bu standartın tətbiqi üçün hər hansı texniki maneəni ortadan qaldırır. Optik texnologiya artıq ölkənin hər nöqtəsində mövcud olduğu üçün dövlətin qoyacağı minimum sürət tələbi bütün regionlarda eyni vaxtda və bərabər şəkildə icra edilə bilər. Bu, "infrastrukturun yenilənməsini gözləmək" mərhələsinin geridə qaldığını və bütün ölkənin yüksək sürətli interneti qəbul etməyə tam hazır olduğunu göstərir".

 

Müsahib mövzuya maliyyə baxımından da münasibət bildirib:

 

"Provayderlər üçün bu tələbin tətbiqi həm texniki, həm də maliyyə baxımından müəyyən bir yük yaradacaqdır. İnfrastruktur artıq qurulsa da, minimum sürət həddini hər bir abunəçi üçün sabit saxlamaq məqsədilə provayderlər xarici trafik (bandwidth) alışını artırmalı və daxili şəbəkə tutumlarını daha effektiv idarə etməlidirlər. Bu maliyyə yükü bazarda sağlam rəqabəti artırsa da, xidmət tariflərinin optimallaşdırılmasına və ya paket qiymətlərinin müəyyən qədər artmasına səbəb ola bilər. Lakin bu, həm də kiçik oyunçuların xidmət səviyyəsini yüksəltmək və ya daha iri provayderlərlə birləşmək məcburiyyətində qalması ilə nəticələnəcək".

 

Zəhra Həsənova

#tariflər #yeni #internetə #son #zəif
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər