00:00:00
Yazar
Nərmin Həşimova
21.05.2026 22:04 81 2 dəq oxuma
Siyasət

"Zəngəzur dəhlizi Azərbaycanı regional nəqliyyat mərkəzinə çevirir"- DEPUTAT
 

"Zəngəzur dəhlizi Azərbaycanı regional nəqliyyat mərkəzinə çevirir"- DEPUTAT

Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat infrastrukturunun inkişafı Azərbaycanın iqtisadi və strateji əhəmiyyətini artırır. Bu layihələr ölkənin tranzit imkanlarını genişləndirərək yükdaşımaların həcmini artırır, regional inteqrasiyanı gücləndirir və işğaldan azad olunan ərazilərin sosial-iqtisadi inkişafına töhfə verir.


Mövzu ilə bağlı “İnformator.az"a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, bir sıra beynəlxalq tədbirlərdə iştirak edən Azərbaycan rəsmiləri ölkə üzərindən daşınan beynəlxalq yüklərin həcminin artması ilə bağlı böyük perspektivləri xüsusilə vurğulayırlar:


“Şərqlə Qərbi əlaqələndirən Orta Dəhlizin potensialı kifayət qədər böyükdür. 2025-ci ilin nəticələrinə görə, il ərzində 5 milyon tona qədər beynəlxalq yükün Bakı-Tbilisi-Qars dəmir yolu üzərindən daşınması geniş işıqlandırılır. Bu onu göstərir ki, daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır. Zəngəzur dəhlizinin işə salınması Azərbaycan üzərindən yüklərin böyük həcmdə daşınması üçün geniş imkanlar açır. İlkin mərhələdə bu imkanların il ərzində təqribən 15 milyon ton olacağı gözlənilir. Yaxın perspektivdə isə, 10-15 il ərzində bu həcmlərin 70 milyon tona qədər qalxacağı ehtimal olunur. Bu da nəticə etibarilə bölgənin həm geosiyasi, həm də strateji əhəmiyyətini təsdiqləyir".


Deputat əlavə edib ki, Avrasiya qitəsində reallaşan inteqrasiya layihələri çərçivəsində müasir texnoloji imkanların tətbiqi nəzərdə tutulur: 


“Şərqdən Qərbə doğru daşınan yüklərin həcminin artması və nəqliyyat-logistika imkanlarından geniş istifadə Azərbaycanı çox vacib geostrateji əhəmiyyətə malik nəqliyyat-logistika mərkəzinə çevirəcəkdir. Cənub və Şimal nəqliyyat dəhlizlərinin keçdiyi ərazilərdə münaqişə ocaqlarının mövcudluğu Orta Dəhlizin geosiyasi əhəmiyyətini daha da artırır. Bölgədə dayanıqlı inkişafda maraqlı olan dövlətlər bu dəhlizin əhəmiyyətini xüsusilə yüksək qiymətləndirirlər. Son aylar ərzində Azərbaycana gələn çoxsaylı dövlət rəhbərlərinin bəyanatlarında da ölkəmizin bu müstəvidə oynadığı rola xüsusi dəyər verildiyini açıq şəkildə görürük. Həmin dövlətlər özlərinin də mövcud imkanlardan maksimum yararlanaraq beynəlxalq yükdaşımalarında iştiraklarını artırmaq niyyətində olduqlarını bildirirlər”.


Mehriban Yariyeva

#Azərbaycan #inkişaf #Zəngəzur dəhlizi #töhfə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər