Zəngəzur dəhlizi: Azərbaycanın təşəbbüsü və region üçün yeni imkanlar
Zəngəzur dəhlizinin yaradılması, bildiyiniz kimi, bizim təşəbbüsümüz olub. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Bu sözləri Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Əziz Əzizbəyli bildirib ki, Azərbaycan qurucu dövlətdir və Zəngəzur dəhlizi Azərbaycanın təşəbbüsü olaraq regionda daha sabit nəqliyyat marşrutunun yaradılmasına imkan verə bilər.
“Dünyada həm cənubda, həm də şimalda müharibələr gedir. Orta Dəhliz isə yeganə marşrut olaraq qalır. Bunun üzərindən Azərbaycan dünyanın ən cəlbedici ölkəsinə çevrilir. Zəngəzur dəhlizi də üçüncü bir yolun, daha sabit yolun inşasına gətirib çıxarmalıdır. Və niyə bu bizim ideyamızdır, niyə bu Azərbaycan təşəbbüsüdür, niyə ümumiyyətlə bunun müəllifi Azərbaycandır? Təbii ki, Vətən müharibəsinin nəticələrini şərtləndirən amillər var idi. Həmin amillər imkan verdi ki, Azərbaycan qalib gəlsin, Ermənistana sülhün şərtlərini diktə etsin və nəticə etibarilə həm də beynəlxalq kommunikasiyaların, tarixi ticarət yollarının açılmasını təmin edə bilsin”.
Nurgün Qənizadə