00:00:00
Yazar
Zəhra Həsənova
09.10.2026 23:12 34 2 dəq oxuma
Siyasət

Zəngəzur dəhlizi TDT-nin 13-cü Zirvə görüşündə müzakirə mövzusudur  - ŞƏRH

Zəngəzur dəhlizi TDT-nin 13-cü Zirvə görüşündə müzakirə mövzusudur - ŞƏRH

Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşündə Zəngəzur dəhlizinin müzakirəsi gözlənilir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Taleh Əliyev bildirib ki, Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşündə Zəngəzur məsələsinin müzakirəsi, deyərdim ki, təkcə Azərbaycanla Ermənistan arasında sülhə verilən dəstək deyil:

 

“Bu, həm də zirvə görüşündə iştirak edən ölkələrin hər birinin milli, xüsusilə də iqtisadi maraqlarına tam uyğun olan məsələdir. Çünki Zəngəzur dəhlizi adlandırdığımız istiqamət Uzaq Şərqdən Qərbə uzanan Orta Dəhlizin kiçik, lakin çox strateji bir hissəsidir. Bu marşrut Mərkəzi Asiyadan Xəzər dənizi üzərindən Cənubi Qafqaza, Azərbaycan və Ermənistan ərazilərindən keçməklə Türkiyə vasitəsilə Avropaya uzanan strateji nəqliyyat qovşağıdır.

 

Bu baxımdan hesab edirəm ki, Zəngəzur məsələsinin Türk Dövlətləri Təşkilatının gündəliyinə daxil edilməsi, yenə qeyd edirəm ki, bütövlükdə təşkilata üzv ölkələrin maraqlarına uyğundur. Eyni zamanda, regional güc mərkəzi kimi formalaşan Türk Dövlətləri Təşkilatının mövqeyini gücləndirən amildir.

 

Təbii ki, xüsusilə Orta Asiya türk respublikaları, daha çox Qazaxıstan, Özbəkistan və Qırğızıstanla ikitərəfli əməkdaşlıq əlaqələri olan Ermənistan üçün bu məsələnin müzakirəsi gələcəkdə yeni imkanlar yarada bilər. Bu, o deməkdir ki, Ermənistan gələcəkdə təkcə Azərbaycan və Türkiyə ilə deyil, həm də Türk Dövlətləri Təşkilatının digər üzv ölkələri ilə nəqliyyat və logistika əlaqələri qura bilər”.

 

Politoloqun sözlərinə görə, Ermənistan bu strateji yoldan iqtisadi və siyasi dividendlər də əldə edə bilər:

 

“İran və Rusiyanın Cənubi Qafqazdakı geosiyasi maraqlarının bu prosesə necə təsir edəcəyinə gəlincə, hesab edirəm ki, hazırkı rəqabət şəraitində Türk Dövlətləri Təşkilatında bu məsələnin müzakirəsi digər dövlətlərə qarşı yönəlmiş fəaliyyət deyil. Bu, daha çox qarşılıqlı əməkdaşlığın nəticəsi kimi meydana çıxan təşəbbüsdür. Adları çəkilən ölkələrin geosiyasi və iqtisadi maraqlarına uyğun gəlməsə belə, bu prosesi birbaşa onlara qarşı yönəlmiş fəaliyyət kimi qiymətləndirmək düzgün olmazdı”.

 

 

Selcan Xudiyeva

#xəbər #müzakirə #görüşündə #baki #zəngəzur
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər