00:00:00
Yazar
Nərmin Həşimova
22.03.2026 21:47 60 8 dəq oxuma
Maraqlı

Zaman gec-tez həqiqəti üzə çıxarır

Zaman gec-tez həqiqəti üzə çıxarır

Hörmətli Lalə xanım! Sizin Məmməd Səid Ordubadi yaradıcılığına və şəxsiyyətinə həsr etdiyiniz “O, öz əsrinin oğlu idi…” sərlövhəli məqalənizi oxudum. Məqalənin əvvəlində M.S.Ordubadi şəxsiyyətinin müdrikliyindən, alicənablığından, böyük ürək sahibi olmasından fəxrlə söz açırsınız. Bu bəlkə də belə olub. Amma arxiv materialları, XX əsrin əvvəllərində çap olunan dövrü mətbuatdakı məqalələr bunun əksini söyləyir…

 

Sovet dövründə yazılan tədqiqat əsərlərində birmənalı olaraq M.S.Ordubadi “Molla Nəsrəddin” ədəbi məktəbinin ən istedadlı və tanınmış nümayəndəsi kimi qələmə verilir. Əslində Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Məmmədəli Sidqi, Əliqulu Qəmküsar, Əzim Əzimzadə kimi mollanəsrəddinçilərin yaradıcılıq və istedadı M.S.Ordubadi yaradıcılığından və istedadından qat-qat yüksəkdə durur. (Elə insani keyfiyyətləri də Q.D.). Çünki M.S.Ordubadi yeganə “Molla Nəsrəddin”çi olub ki, jurnala qədəm qoyduğu gündən sona qədər Mirzə Cəlil yaradıcılığına və şəxsiyyətinə qənim kəsilib. Bu haqda “Molla Nəsrəddin” tədqiqatçılarından olan, şəxsən Mirzə Cəlili görən və onunla işləyən ədəbiyyatşünas alim Qulam Məmmədli yazırdı: “Ordubadi hələ keçmişdən jurnalın əleyhinə yazanlardan biri idi”.

 

Həqiqətən də hələ 1908-ci ildə Həşim bəy Vəzirovun “Tazə həyat” qəzetinin 10-cu sayında M.S.Ordubadi “Molla Nəsrəddin babaya açıq məktub” başlıqlı məqaləsində əsassız olaraq jurnalı və Mirzə Cəlili məsuliyyətsizlikdə, jurnalın dilinin qəliz olmasında ittiham edərək kəskin şəkildə tənqid edirdi. Bu danılmaz bir faktdır ki, XX əsrin əvvəllərində “Molla Nəsrəddin” jurnalı yeganə mətbuat orqanı idi ki, onun dili çox sadə, səlis və aydın olub. Və o zaman Azərbaycan mətbuatını bu düzgün yola istiqamətləndirən də məhz Mirzə Cəlil olub. Ona görə M.S.Ordubadinin nə qədər haqsız olduğu yalnız təəccüb doğurur. Onu da qeyd etmək yerinə düşərdi ki, “Molla Nəsrəddin”in dili haqqında yanlış fikirlər o zaman daha çox M.S.Ordubadi və gənc yazar Əli Vəliyev tərəfindən söylənilib. 1922–1931-ci illər dövrü mətbuatını vərəqləyərkən belə məzmunlu yazıların müəllifinin əsasən onlar olduğunun şahidi oldum.

 

1921-ci ilin iyununda Mirzə Cəlil İrandan Bakıya gəlir və yenidən “Molla Nəsrəddin”i çap etmək üçün çalışır və jurnalın nəşri məsələsi müşkül məsələyə çevrilir. Bunun səbəbini Qulam müəllimin tədqiqatlarında belə izah edirdi: “Bu zaman Mirzə Cəlil ilə Mərkəz Komitə arasında mübahisə başladı: “Jurnal necə çıxacaq və nədən yazacaq?”. M.Cəlil deyirdi: “Sizdə mətbuat partiya orqanıdır, şəxsi adamlara qəzet çapına icazə verilmir. Mənsə “Molla Nəsrəddin”i özüm yaratmışam, özüm satmışam, özüm də nə istəmişəm onu yazmışam. Buna icazə verəcəksinizmi?”. Çox danışıq getdi. Təbii M.Cəlil təslim olmadı. Belə bir vaxtda yenə Ordubadi jurnalın başı üstünü kəsdirdi. M.S.Ordubadinin jurnalın üstündə hərbi komissar təyin etdilər. Ondan icazəsiz heç bir yazı gedə bilməzdi. Odur ki, jurnalın bütün səlahiyyəti Ordubadinin əlinə keçdi”.

 

Bu qərəzli münasibətə və senzorluğa dözməyən Mirzə Cəlil 1925-ci ildə M.S.Ordubadiyə məktub yazaraq bildirir ki: “Səid, bildiyini elədin. Mənim qəti qərarım budur ki, dəxi gələn nömrədən mənim adım redaktor kimi o jurnalda yazılsa, mən bilirəm hara şikayət edəcəyəm və jurnalı çıxarmaqdan bilmərrə əl çəkirəm”.

 

Beləliklə, jurnal “heyəti-təhriyyə” imzası ilə çıxır, Mirzə Cəlil isə jurnaldan uzaqlaşdırılır. Bu o zaman idi ki, əqidəsinə xələl gətirə bilməyən, xalqına yalan söz söyləməyi bacarmayan Mirzə Cəlilin həyatında çox çətin bir dövr başlayır. O zaman Mirzə yazırdı: “Mən ikiüzlülüyü bacaran deyiləm. Maddi vəziyyətim ağırlaşdığı üçün hətta qəpikləri də saymaq və çox ehtiyatla tərpənmək lazım gəlir”.

 

Hörmətli Lalə xanım! Sizin çox müdrik, alicənab, kamil adlandırdığınız M.S.Ordubadi Mirzənin bu günündə Sizcə nə düşünürdü? Məqalənizə “çox yaxşı” sözünü vermisiniz. “O, öz əsrinin oğlu idi…”. Həqiqətən də M.S.Ordubadi bütün varlığı ilə 1906-cı ildən canla-başla ideyalarını təbliğ etməyə başladığı bolşevik partiyasının əsl “oğlu” idi. 1907-ci ildə Tiflisdə “Qeyrət” mətbəəsində “Vətən və hürriyyət” adlı şeirlər toplusunu çap etdirən M.S.Ordubadi sonra uzun illər vətənin hürriyyətini, azadlığını cilovlayan, zəncirləyən bir partiyanın şanına-şöhrətinə necə yazıb-yaratdı? Zülmün, ehtiyacın hər üzünü görmüş qələm əhli sonralar öz xoş günündə xalqın güzəranını yaddanmı çıxardı?! (Mirzə Cəlil isə hər an xalqına, əqidə, məslək yoldaşlarına sadiq qalıb. Heç vaxt onlardan yaxşı yaşamağı düşünməyib. Bu haqda “Kommunist” qəzetinin 1929-cu il 12 iyun tarixli sayında Süleyman Rüstəm yazırdı: “Cəlil Məmmədquluzadə, Haqverdiyev, Hüseyn Cavid, Abdulla Şaiq, Cabbar Əfəndizadə, Süleyman Sani, Mikayıl Müşfiq, Seyid Hüseyn, Əhməd Cavad, Xəlil İbrahim və Rəhim yoldaşlarından ibarət Azərbaycan yazıçıları Gürcüstan və Ermənistana yola düşmüşlər. Bakıdan yola düşərkən Mirzə Cəlil Mərkəzi İcraiyyə Komitəsi üzvlüyünə namizəd olduğu üçün yumşaq vaqonda getməyə ixtiyarı olduğunu xatırlatdım, o isə yazıçı yoldaşlarından ayrılmaq istəmədiyini bildirərək onlarla eyni vaqonda getdi”.

 

“Yazırsınız: “Ordubadinin tarixi romanlarında əsas aparıcı qüvvə xalqdır”. Çox yaxşı. Bəs o xalqın qaymaqları, düşünən beyinləri, görən gözləri dəhşətli 37-nin qurbanı olanda M.S.Ordubadi hara baxırdı? Niyə üsyankarcasına səsini qaldırmadı? Yəqin ki, qaldırmaqdan qorxdu. Onda heç olmasa susaydı. Əksinə, o zaman “İnqilab və mədəniyyət”, “Hücum”, “Kommunist” kimi mətbu orqanlarında çap olunan onlarla məqalələrində Şura hökumətinin qayda-qanunlarını, bolşevik ideologiyasını təbliğ etməyən əsərlərin müəlliflərini yerincə tənqid atəşinə tutaraq onlara “düz yol” göstəribdir.

 

Lalə xanım, məqalənizin sonunda yazırsınız ki, “Ordubadi şəxsiyyəti ilə yaradıcılığının arasında üzvi bağlılıq olan sənətkardır”. Əgər belə idisə, Azərbaycan mətbuatı və ədəbiyyatı tarixində çox böyük izi qoyan, özünəməxsus yeri, dəsti-xətti olan Mirzə Cəlil yaradıcılığına və şəxsiyyətinə bu kin-küdurət səbəbi nədən irəli gəlirdi?

 

…“Hətta Mirzə Cəlil dünyasını dəyişəndə, mollanəsrəddinçilər onu son mənzilə yola salanda da Ordubadi ağsaqqalına (mollanəsrəddinçilər Mirzə Cəlili jurnalın redaktoru yox, ağsaqqalı adlandırırdılar. Çünki əslində elə o, mollanəsrəddinçilərə hərtərəfli ağsaqqallıq edirdi. M.Ə.Sabirin, Ö.Qəmküsarı Ö.F.Nemanzadənin və başqalarının şəxsi həyatındakı çətinliklər zamanı Mirzə onlara həm maddi, həm də mənəvi dayaq olmuşdur. M.Ə.Sabiri və Ö.Qəmküsarı aylarla Tiflisdə öz evində sağalmağı,müalicə xərclərini ödəməsi haqqında dövrü mətbuatda yetərincə məlumat var) son borcunu verməyib. Bu haqda 1932-ci il 6 yanvar tarixli “Kommunist” qəzetinin oxuyuruq: “Gündüz saat 1-də Cəlil Məmmədquluzadənin cənazəsi köhnə mollanəsrəddinçilərdən Əbdürrəhim Haqverdiyevin, Ömər Faiq Nemanzadə, Məmmədli Sadiq, Əli Nəzmi və Salman Mümtazın çiyinində Maarif işçiləri evindən çıxarılıb Kommunist küçəsi ilə başıyuxarı aparılmışdır”.

 

Hörmətli oxucu! Bəlkə kimlər isə bu yazını yazmaqda məni qınaq atəşinə tutacaq. Bu, onların öz işidir. Bəlkə də M.S.Ordubadiyə haqq qazandıracaqlar ki, “zaman elə tələb edirdi, onda elə yazırdı”. Bu da onların öz işidir. Amma bugünkü gəncliyə haqq-ədaləti, doğrunu-düzü çatdırmaq bizim borcumuzdur. Bəzən bunu onlara bildirməyəndə haqlı olaraq bizi ittiham edirlər. Üç-dörd il bundan əvvəlin sözüdür. Azərbaycan Dillər Universitetində sovet dövrünün aparıcı yazıçılarından olan Əli Vəliyevin anım gecəsi keçirilirdi. Yazıçılar, tədqiqatçılar, Əli Vəliyev yaradıcılığından, müdrikliyindən ağızdolusu danışaraq bildirirdilər ki, “Baxmayaraq, Əli Vəliyev bolşevizm, sosializm dövründə yazıb-yaradıb. Amma hakim bolşevik partiyasına, ideologiyasına qarşı çıxıb??? Görəsən, bu fikirləri söyləyən natiqlər Əli Vəliyevin əsərlərini oxumayıblar? Gecəni mətbuatda işıqlandırmaq üçün jurnalistlər də dəvət olunmuşdular. Bu zaman kanalların birinin nümayəndəsi mənə yaxınlaşaraq (o, iki il əvvəl BDU-nun Jurnalistika fakültəsini bitirib) hiddətlə iradını bildirdi: “Müəllimə, siz bizə auditoriyada Əli Vəliyevin Cəlil Məmmədquluzadə yaradıcılığı haqqında necə əsassız tənqidlər söylədiyini, yazdığını danışmısınız. Arxiv materialları, o dövrün mətbuat orqanlarında çap olunan yazıları göstərmisiniz. İndi niyə susursunuz?”

 

(XX əsrin əvvəllərində Mirzə Cəlil yaradıcılığına, onun “Şah əsəri” sayılan “Molla Nəsrəddin” jurnalına qarşı yersiz ittihamlar, tənqidi qeydlər söyləyənlər daha çox Ə.Vəliyev və M.S.Ordubadidir, desək, məncə yanılmarıq. Çünki 1923–1936-cı illər arası dövrü mətbuatda onların bu mövzuda onlarla ədəbi-tənqidi məqalələri ilə rastlaşdım. Məsələn, “Kommunist” qəzetinin 1929-cu il 12 noyabr tarixli sayında Əli Vəliyev “Molla Nəsrəddin” məcmuəsini islah etməli”adlı tənqidi məqaləsində yazırdı: “…dəfələrlə qeyd edildiyi kimi, “Molla Nəsrəddin”in dili bərbaddır.( Nə qədər həqiqətdən uzaq olan bir ittiham. Əli Vəliyev “Molla Nəsrəddin”in dilini tənqid edərkən hələ yaradıcılıq aləminə təzəcə qədəm qoyurdu. Mirzə Cəlil kəlamının və qələminin hikmətini qavramadığı, dərk etmədiyi bir vaxtda bu nə irad idi? Q.D.) Və yaxud 1929-cu il 15 avqust tarixli “İnqilab və mədəniyyət” jurnalındakı məqaləsinə diqqət yetirək: “Molla Nəsrəddin” məcmuəsi tədricən dilini dəyişməli və bugünkü ədəbi (?) dilimizə uyğunlaşdırılmalıdır”. Onu da qeyd edək ki, “Molla Nəsrəddin” adının dəyişdirilib “Allahsız” qoyulması təklifi ilk dəfə Əli Vəliyev tərəfindən irəli sürülüb. “Molla Nəsrəddin” jurnalı Allahsızlar İttifaqının orqanı kimi nəşr edilsin (bax: “Kommunist” qəzeti 12 noyabr 1929-cu il). Çox təəssüflər ki, Ə.Vəliyevin bu təklifi o dövrün ədəbi mühitində “yaxşı” qarşılanır. Gənc bir müəllim Ə.Qarabağlı imzası ilə “Kommunist” qəzetinin 18 noyabr 1929-cu il tarixli sayında çap olunan “Molla Nəsrəddin” sərlövhəli məqaləsində yazırdı: “…söz birdir. Məcmuə bədii, ictimai cəhətdən, başqa sözlə, üzlü və astarlı dəyişdirilməlidir”. Və yaxud yenə həmin ildə “İnqilab və mədəniyyət” jurnalının yanvar sayında İ.Dubinski imzalı “Dinlə mübarizə cəbhəsində” başlıqlı məqalədə “Molla Nəsrəddin” jurnalı və Mirzə Cəlil yaradıcılığı çox kəskin şəkildə tənqid edilirdi: “…bu məcmuə əsl həqiqətdə öz redaktorunun orqanıdır. Elə güman edirik ki, bu keyfiyyətinə nəhayət veriləcək və nəticə etibarilə mübariz alahsız işçi sinifinin öz məcmuəsi orqanı düzələcəkdir”.

 

Bu qərəzli və həqiqətdən uzaq olan çıxışların ara cermədiyini görən Mirzə Cəlil 1930-cu ildə fevral ayında Azərbaycan KPMK məktubla müraciət edir. Məktubda ədib jurnalın “Allahsız” adlandırılmasına qəti şəkildə etirazını bildirir. Mirzə Cəlilə daha böyük mənəvi zərbə vurmaq üçün hökumət onun məktubundan az sonra jurnalın “Allahsızlar” İttifaqının orqanı kimi çap olunmasına icazə verir. Artıq 1931-ci ildə dövrü mətbuatda “Mübariz Allahsızlar İttifaqı Azərbaycan və Bakı şurasının orqanı olan “Molla Nəsrəddin” jurnalının birinci nömrəsinin satışa buraxılması” haqqında elanlar, məqalələr çap olunur. (Bax; “Yeni yol” qəzeti 13 sentyabr 1931-ci il).

 

Lalə xanım, dünənki tələbəmin iradı çox haqlı irad idi. Mən Sizin məqalənizi oxuyarkən bu hadisəni xatırladım. Qoy bugünkü gənclik keçmişimizi, kimliyimizi bilsin, kimin kim olduğundan hali olsun.

 

BDU-nun professoru Qərənfil Dünyaminqızı

#xəbər #yeni #həqiqəti #çıxarır
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər