00:00:00
Yazar
Nərmin Həşimova
21.03.2026 22:39 56 8 dəq oxuma
Maraqlı

Zamanın çərçivəsindən çıxan publisistika

Zamanın çərçivəsindən çıxan publisistika

“İlyas Əfəndiyevin nəsri, dramaturgiyası kimi, Publisistikası da ideologiyanın fövqündə durmuşdur”
Bu məqaləni yazarkən xatirələrlə dolu tələbəlik illərim yadıma düşdü. 1987-ci ilin payızı idi. Jurnalistika fakültəsində  “Jurnalist” tədris qəzetinin növbəti sayını çapa hazırlayırdıq. Qəzetdə çap olunacaq məqalələrdən biri də mənim Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin yaradıcılığına həsr etdiyim məqalə idi. İlyas Əfəndiyevin yaradıcılığına müraciət etməyimə səbəb, təbii, onun bir-birindən maraqlı pyesləri, dram əsərləri olmuşdur.

1970-80-ci illərdə səhnəmizi, ədəbiyyatımızı bəzəyən, saf, ülvi məhəbbəti tərənnüm edən, haqsızlığa qarşı haqq səsini ucaldan əsərləri onu Azərbaycan gəncliyinin sevimli yazıçılarına çevirmişdir. Daima  qəlbinin hökmü ilə yazan, yalançı  pafosdan, zahiri təmtəraqdan uzaq olan İlyas Əfəndiyev haqqında ədəbiyyatşünas alim Abbas Zamanov o zaman söylədiyi fikirlər qəlbimdə İlyas müəllimə daha çox rəğbət hissi yaratdı. Abbas müəllim danışırdı: “1946-cı ildə görkəmli rejissor Adil İsgəndərov İlyas müəllimə neftçilərin həyatından bəhs edən bir pyes yazmağı təklif edir. İlyas Əfəndiyev Adil müəllimin xətrini çox istədiyi üçün yumşaq bir tərzdə “Neft işini bilmirəm. Mənim üçün çətin olar bu mövzunu açmaq”,-deyə etirazını bildirmişdir. Ümumiyyətlə, sifarişlə yazmaq özünə yad olmuşdur…”
Bu söhbətdən sonra mənim və qrup yoldaşlarımın qəlbində İlyas Əfəndiyev yaradıcılığına, şəxsiyyətinə olan rəğbət və hörmət hissi daha da artdı. (Hazırladığımız  həmin nömrədə beş yazı İlyas Əfəndiyev yaradıcılığına həsr edilmişdir).


Beləliklə, İlyas müəllimdən müsahibə götürmək üçün ona zəng etdim. Vədələşib teatrda görüşdük. Əsərlərini sevə-sevə oxuduğum, teatr tamaşalarına dönə-dönə baxdığım bu böyük sənətkarla ilk dəfə idi ki, üz-üzə gəlib söhbət edirdim. Əslində İlyas müəllim danışırdı, mən dəftərçəmə qeyd edə-edə onu dinləyirdim. Maraqlı idi, o, öz əsərlərindən çox ədəbiyyat, sənət, mənəviyyat, mətbuat  məsələlərindən, ədəbiyyatımızın, ədəbi-tənqidimizin durumundan, zəif əsərlərin səhnəyə yol tapmasından narahatlıqla danışırdı. Yazı masasının üstündəki qəzetə uzadaraq dedi: “Bax budur, “Həqiqi sənət yollarında” adlı müsahibəmdə də bu fikirləri söyləmişəm, yenə də təkrar edirəm ki, mənim fikrimcə, müasir Azərbaycan ədəbi tənqidində ciddi qüsurlar var. Götürək, konyunkturçuluq hadisəsinə. Bunu (kimsə xoş gəlməyə bilər) ədəbi tənqidimizdə pis hal hesab edirəm. Bu qəbildən olan məqalələri oxuyan kimi dərhal hiss olunur ki, müəllif “möhtərəm” kimsə, nə üçünsə xoş gəlməyə çalışır. Ona görə də bu cür “tənqidi məqalələr” qanan oxucuda ikrah hissindən başqa ayrı bir şey doğurmur”.
Bu görüşdən bir neçə il sonra da bir neçə dəfə İlyas Əfəndiyev yaradıcılığına müraciət etdim. Hər dəfə də onun nəsri və drama əsərləri ilə yanaşı, publisistikası da diqqətimi cəlb etdi. Bəlkə də ona görə ki, İlyas Əfəndiyevin nəsri və dramaturgiyası həmişə ədəbi tənqid, ədəbiyyatşünaslığın tədqiqat obyekti olmuş, bunun haqqında çox yazılmış, çox deyilmiş, sağlığında da, vəfatından sonra da. Tanınmış ədəbiyyatşünas alimlər, teatrşünaslar, ədəbiyyatçılar və s. Hətta onun yaradıcılığını “ədəbi məktəb”, ondan qidalanan teatr isə “İlyas Əfəndiyev teatrı” adlandırmışlar. Lakin onun yaradıcılığı ədəbi növün daha böyük bir sahəsi ilə də zəngindir ki, məhz bu cəhət müəyyən qədər tədqiqatlardan da yayınmışdır. Bu, sənətkarın publisist yaradıcılığıdır.

Filologiya elmləri doktoru, tanınmış tədqiqatçı alim Abid Tahirlinin dediyi kimi:
 “İ. Əfəndiyevin publisistikası həm elmi tədqiqat üçün, həm də müasir publisistlərimizə ədəbi məktəb rolu oynaya biləcək dərəcədə qiymətli irsdir”. Yeri gəlmişkən, bir fakta da qeyd edək ki, Abid müəllimin 2005-ci ildə “İlyas Əfəndiyevin publisistikası” adlı əsəri “Elm” nəşriyyatı tərəfindən işıq üzü görüb. Əsərdə müəllif İlyas Əfəndiyevin publisistikasını bir sıra özünəməxsus cəhətlərini məharətlə açıqlamış, “heç kimə bənzəməyən” sənətkar adlandırır. Bəlkə də Abid müəllim bu fikrində haqlıdır. Çünki bu kontekstdəki “heç kimə bənzəməyən” fikri özündə təkcə sənətkar üslubunun bənzərsizliyini deyil, hadisələrə yanaşma tərzini, çağdaşlığı görə bilmə cəsarətini, yeni dünyanın yeni qaydalarını görə bilmək və onu tətbiq etmək bacarığını, öz ideallarının ifadəsi üçün bədii imkanları bütöv şəkildə səfərbər etmək istedadını nəzərdə tutur. Və çox cəsarətlə sonda vurğulayır ki, Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyev yaradıcılığının heç bir məqamında saxta ideologiya xidmət etməmişdir. Elə ona görə də əsərləri hələ sağlığında həmişəyaşarlıq statusu almışdır.

 

Onu da qeyd edək ki, bu qiymətli irsin bir sıra özünəməxsusluğu var. Bu özünəməxsusluq sovet ideologiyasının amansızlıqlarına qarşı özünü əks etdirə bilməsindədir. İnsanı robot kimi təsvir etməyən, “ənənəvi” publisistikadan kənara çıxan müəllif onun həyatının gerçəkliyini, qayğılarını, arzularını gizlətmirdi. Əksinə, çəkinmədən stereotipləri qıraraq insana, onun həyatına gördüyü, duyduğu real rakursdan baxmağı bacarırdı.

İ. Əfəndiyevin publisistikasında ən fərqli və diqqəti cəlb edən cəhət budur ki, o, sovet senzura sistemində yaşamağına baxmayaraq, əsərlərində Azərbaycanı, onun ideallarını, mənəviyyatını ön plana verirdi. Bunları isə publisistikanın özünəməxsus cəhətləri, sətiraltı mənaları ilə oxucusuna çatdırırdı. Məhəl daşı dahi Mirzə Cəlillə qoyulan azərbaycançılıq ideologiyası hələ sovetlərin dövründə İlyas Əfəndiyevin publisistikasında yüksək səviyyədə irəli sürülmüşdür. Onun publisistikasındakı insanlar “Büllur saray”dakı kommunist, sosialist eybəcərliklərini, saxtakarlıqlarını, riyakarlıqlarını çəkinmədən bəyan edir və real həyatı onun gözəllikləri ilə yanaşı çirkinliklərini də əks etdirməyi bacardı. Sovetlər dövründə Azərbaycanda baş verən ictimai-siyasi hadisələr, onların insanlarda ikrah hissi yaratması publisistin neçə-neçə əsərlərində bəyan edilirdi.

 

Yaradıcılığa ölkəmizin ən ağır, təzadlı zamanında 1930-cu illərin sonu, 40-cı illərin əvvəlləri gələn İ. Əfəndiyev demək olar ki, ədəbi janrların bütün növlərində qələmini sınamışdır. Hekayə, oçerk, povest, roman, dram əsərləri, ədəbi-tənqidi məqalələr, xatirələr, publisist məqalələr, resenziya və s. Lakin yaradıcılığının əsas hissəsi tədqiqata cəlb edilsə də publisistik yaradıcılığına demək olar ki, müraciət edilməmişdir. Əslində müəllifin bədii yaradıcılığı kimi publisistikası da orijinal və yenidir. Əlbəttə, bu publisistik əsərlərdə dil zənginliyi, sadəliyi, təmizliyi ilə yanaşı üslub rəngarəngliyi də diqqəti cəlb edir.

 

Ümumiyyətlə, publisistikanın bütövlükdə məqsədi zamandan, məkandan asılı olmayaraq, aktual problemlərin həlli yollarını göstərməkdir. Bu, klassik publisistikamızda da belə olub. H.Zərdabi, M.Cəlil, Ö.F.Nemanzadə, Üzeyir və Ceyhun Hacıbəyli qardaşları, Ə.Ağaoğlu, Ə.Hüseynzadə kimi digər yaradıcı ziyalıların bir zaman publisistikaya söykənmələri heç də təsadüfi deyildir. “Sözün təsir qüvvəsinin harada güclü olması zənni bu ziyalıları ədəbi yaradıcılığın bütün növlərini sınaqdan keçirməyə sövq etmişdir”.

Odur ki, İ.Əfəndiyev klassiklərin yolu ilə cəmiyyəti kamilləşdirən bədii-publisistik sözə üstünlük vermiş və publisistikası yuxarıda adlarını çəkdiyimiz sənətkarlar kimi sənədli nəsrin yazıçı istedadından keçir. Bildiyimiz kimi, yazıçı publisistikası digərlərindən fərqli olaraq, daha çox ümumiləşməyə, daha çox tipikləşdirməyə meyli ilə seçilir.

İlyas müəllim həmişə ürəyinin səsi ilə yazdı. Yəqin ki, ona görə əsərlərində (nə dramaturgiyasında, nə də publisistikasında) Lenini, Stalini nə “dahi bir insana bənzətdi”, nə də onların “şanlı-şöhrətli” Kommunist Partiyasını vəsf edən əsərlər yazdı. Əksinə, bu partiyanın katiblərinin, “qanun keşikçiləri”nin, harınlamış övladlarının iç üzünü açaraq, onların yaşayış tərzini, xalqı alçaltmalarını, onun var-dövlətinə sahib olmalarını əsərlərində ifşa edərək üsyankarcəsinə səsini qaldırır. Bunları isə böyük sənətkarlıqla, bəzən elə bir cümlə ilə bəyan edirdi: “Müharibə zamanı Füzuli rayonuna bir raykom katibi qoymuşdular, bütün raykom katibləri kimi, o da yalançı, saxta fəaliyyətinə görə irəli çəkilmiş, töhfə göstərən kommunistlərdən idi”.

Bu bir cümlə ilə müəllif sovet sisteminin iç üzünü necə böyük ustalıqla açır. Bu, doğrudan da belə deyildimi? Sovetlər dövrü rayonun birinci katibləri rayonlarda Allahlıq iddiasında deyildilərmi?
Və yaxud “Çovğunlu bir qış günündə” oçerkində diqqət yetirək. Yenə də bir cümlə ilə dövrün eybəcərlikləri açılır. “Vaqonda bir kəndli qadının bazara satmaq üçün apardığı bir pud arpanı milislər tutub əlindən alır. Arvad deyirdi: “Nə qədər yalvardım, yaxardım, Allahsız köpək uşaqları qulaq asmadılar”.

 

İ.Əfəndiyevin həm dramaturgiyasında, həm də publisistikasında hakim ideologiyanın “töhfə”sindən bacardıqca yan keçilmişdir. Özünü və qələmini ideologiyanın əsirinə çevirməmişdir. Çünki sözünə və imzasına sahib olan, hörmət edən, ona məsuliyyətlə yanaşan söz sahiblərində İlyas Əfəndiyev (Görəsən, Leninə, Stalinə, Kommunist partiyasına əsərlər vəsf edənlər, onları günəş, aya, ulduza bənzədənlər əsərlərinin bu günkü aqibətinə necə dözürlər?). Burada Azərbaycan ədəbiyyatşünaslığında özünəməxsus yeri və rolu olan ədəbiyyatşünas alim Yaşar Qarayevin dediklərini xatırlatmamaq olmaz: “Öz sadə, səmimi, eyni zamanda məğrur, məddahlıqdan uzaq şəxsiyyətinə, xarakterinə bənzəyən surətlər İlyas Əfəndiyevin bütün əsərlərində var”. Bütün bunlar  bəlkə də ondan irəli gəlirdi ki, “İlyas müəllim ömrü boyu vəzifəni, iclasları, bürokratik aparatı, sovet ədəbi-ictimai həyatının cürbəcür “seçkili” orqanlarını heç vəchlə yaxına buraxmayan bir adam idi.  Onda bütün bunlara qarşı təbii bir allergiya var idi”. Bu, danılmaz bir faktdır ki, Azərbaycan publisistikasının sovet dövrü mövcud rejim və ideologiyanın yedəyində  getsə  də, zəngin və yeni zamanda da ziddiyyətli tarixə malikdir. “70 illik sovet tarixini bir mənalı  xarakterizə etmək, dəyərləndirmək olmadığı kimi, o dövrün publisistikası ilə bağlı da eyni qənaət məqbuldur. Lakin bu publisistikada rejimin, ideologiyanın bütün təzyiqlərinə baxmayaraq, bu gün əhəmiyyət kəsb edən publisistik nümunələr İlyas Əfəndiyevin də yaradıcılığında özünü əks etdirir.

 

Müəllifin “Mənim qohumum çoban Rəşid”, “Duyğuların estafeti”, “Şuşa yollarında”, “Sənətkarın taleyi”, “Yeri görünən adam”, “Şairin qisməti” oçerklərini klassik publisistikanın parlaq nümunəsi hesab etmək olar. Publisist bu əsərlərində oxucusunu qəlbinə hakim kəsilmək, onu həyəcanlandırmaqla yanaşı, həm də düşündürməyə vadar edir və oxucusunu bütün varlığı ilə özünə cəlb edirdi. Elə İ.Əfəndiyevin publisistikasını yaşadan, onun dəyərini artıran da mövzunun uğurla seçilməsidir. Doğrudur, burada onu yüksək sənətkarlıqla işləmək də əsasdır. Lakin aktual mövzu daha çox önəm kəsb edir.

Əlbəttə, İlyas Əfəndiyev ədəbi mühitdə daha çox nasir-dramaturq kimi tanınsa da, lakin yaradıcılığında publisistika, xüsusən də elmi-ədəbi-tənqidi publisistika mühüm yer tutur. Bu gün bu publisistikanı tədqiqata cəlb etməyin və elmi dəyərini verməyin vaxtıdır.

 

BDU-nun professoru Qərənfil Dünyaminqızı

#çıxan #gündəm #azərbaycan #yeni #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər