Zamanın sahib lideri: ürəklərdə yaşayan ömür
Hər millətin tarixində elə şəxsiyyətlər var ki, onlar sadəcə bir dövrün idarəçisi deyil, bütöv bir xalqın taleyinin, gələcəyinin və kimliyinin memarına çevrilirlər. Azərbaycan xalqının tarixində isə bu uca zirvənin sahib tək bir ad var: Heydər Əliyev.
O, Azərbaycan səmasında elə parladı ki, işığı təkcə onun yaşadığı illəri deyil, əsrlərin o tayını da aydınlatdı. Çətin, burulğanlı və hər anı təhlükə dolu bir zamanda səhnəyə çıxan bu böyük insan, öz xalqının tarixi qarşısında əyilməz iradəsi ilə dayandı.
1990-cı illərin əvvəlləri... Azərbaycanın üzərinə qara buludların çökdüyü, müstəqilliyimizin hər an əldən gedə biləcəyi o ağrılı günlər... Xalqın ümidi sönmüş, gözlər yollara dikilmişdi. Parçalanmaq təhlükəsi ilə üz-üzə qalan Naxçıvandan ucalan bir səs bütün ölkəni ayağa qaldırdı. O səs Heydər Əliyevin səsi idi – xilaskarlıq missiyasını öz üzərinə götürən bir liderin əminlik dolu səsi.
Bir lider düşünün ki, ölkəsinin hər qarış torpağını öz övladı kimi sevir. Bakının küçələrindən tutmuş ucqar dağ kəndlərinə qədər hər yerdə onun əlinin istisi, uzaqgörənliyinin izi var. O, xalqına öz tarixi köklərini, adət-ənənələrini, ana dilinin ucalığını yenidən qaytardı. "Əsrin müqaviləsi" ilə Azərbaycanı dünya xəritəsində etibarlı tərəfdaş, qüdrətli enerji mərkəzi kimi tanıtdı. Gənclərə hər zaman xüsusi sevgi ilə yanaşdı, çünki bilirdi ki, Azərbaycanın sabahı onların əlindədir.
Onun hər bir çıxışı, hər bir tövsiyəsi bu xalq üçün bir dərs, bir həyat fəlsəfəsi oldu. “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlməsi isə hər birimizin qürur mənbəyinə, milli ləyaqət rəmzinə çevrildi.
Heydər Əliyev bu gün fiziki olaraq aramzda olmasa da, Azərbaycanın hər daşında, hər nəfəsində, hər bir vətəndaşın döyünən ürəyində yaşayır. Bu gün Azərbaycan bayrağı onun qoyduğu möhkəm təməllər üzərində ucalır, müzəffər ordumuz onun arzularını gerçəkləşdirərək üçrəngli bayrağımızı azad torpaqlarımızda dalğalandırır.
O, xalqının yaddaşında sadəcə Ümummilli Lider kimi deyil, həm də hər bir azərbaycanlının arxa-dayağı, mənəvi atası kimi əbədi həkk olunub. Ruhun şad olsun, Böyük İnsan! Sənin qurduğun, sevdiyin və qoruduğun Azərbaycan əbədi yaşayacaq, səni isə nəsillər boyu dərin sevgi, ehtiram və minnətdarlıqla xatırlayacağıq.
Mayıl Soltan