00:00:00
Yazar
Elmira Ağayeva
06.10.2026 22:02 31 2 dəq oxuma
Siyasət

Zelenski: Almaniya ilə müdafiə sahəsində mühüm razılaşmalar əldə olunacaq

Zelenski: Almaniya ilə müdafiə sahəsində mühüm razılaşmalar əldə olunacaq

 

Kiyevdə Almaniya kansleri Fridrix Mertslə görüşən Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya ilə müdafiə sahəsində bir sıra mühüm razılaşmaların əldə olunacağını açıqlayıb.

 

Zelenskinin sözlərinə görə, Rusiya qoşunları Ukraynanın mülki infrastrukturuna hücumlarını davam etdirir. Bu baxımdan, ölkənin müdafiə imkanlarının gücləndirilməsi zərurəti yaranır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında hüquqşünas və siyasi analitik Orxan Amaşov bildirib ki, Almaniyanın Ukraynaya münasibətdə həyata keçirdiyi siyasətdə üç əsas istiqamət nəzərə çarpır. Onun fikrincə, bu istiqamətlərin böyük ölçüdə dəyişməsi gözlənilmir:

 

“Almaniyanın Ukraynaya etdiyi yardımın və yaxud da onlara qarşı münasibətində həyata keçirilən siyasətdə biz üç əsas istiqaməti görürük və zənnimcə bu üç istiqamət böyük ölçüdə dəyişməyəcək. Birbaşa hərbi yardım xətti var. Bu xətt müəyyən həddə qədər Ukraynaya kömək edə bilər. Amma heç bir Avropa ölkəsi, o cümlədən Ukraynanın əsas qitədə, Avropada dəstəkçisi olan Almaniya belə o səviyyədə, o həcmdə hərbi yardım göstərə bilməz ki, Ukraynanın suverenliyinin bərpa olunmasına gətirib çıxarsın. Ona görə də bu aspekt həmişə olacaq, amma müəyyən hədd çərçivəsində olacaq”.

 

Hüquqşünas qeyd edib ki, Almaniyada Ukraynaya hərbi yardım məsələsinə skeptik yanaşan qruplar da mövcuddur. Onun sözlərinə görə, bu yanaşmanın səbəbləri siyasi mövqelərdən və ölkənin resurslarının daxili məsələlərə yönəldilməsi ilə bağlı fikirlərdən qaynaqlanır:

 

“Əhalinin əsas hissəsi Almaniyanın Ukraynaya münasibətdə həyata keçirdiyi xətti dəstəkləyir, amma skeptiklər də var. Bunlar daha çox, ifrat sağçılar və sol populistlərdir. İfrat sağçılar Rusiyaya münasibətdə çox anormal yaxınlıq hiss edirlər və onlar hesab edirlər ki, Rusiya ilə birbaşa hərbi konfrontasiyadan qaçmaq lazımdır. Sol populistlər isə böyük ölçüdə ölkənin resurslarının daxili məsələlərə sərf olunması məqamına xüsusi önəm verdikləri üçün birbaşa hərbi yardımlar və digər məsələlərə baxmırlar”.

 

Bununla yanaşı, Orxan Amaşov bildirib ki, Almaniya kapitalının Ukraynanın müdafiə sənayesinə inteqrasiyası gələcəkdə müəyyən təminatlar üçün əsas yarada bilər:

 

“Qarantiya çox geniş anlayışdır. Amma söhbət əgər NATO-nun 5-ci maddəsinə uyğun olaraq qarşılıqlı məcburi yardımdan gedirsə, Ukrayna ilə heç bir dövlətin belə bir müqaviləsi yoxdur. Amma zənn edirəm ki, əgər biz məsələyə hazırda həyata keçirilən müqavilələrin əsasında dayanan birgə silah istehsalı kontekstində baxırıqsa, Alman kapitalının Ukrayna müdafiə sənayesinə inteqrə edilməsi faktını nəzərə yetiririksə, gələcək qarantiyalar üçün əsaslar var. Amma burda söhbət hüquqi qarantiyalardan getmir”.

Ayşə Cəfərova

#razılaşmalar #mühüm #sahəsində #əldə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər