"Zelenski-Retkliff görüşü təsadüfi olmayıb" -AÇIQLAMA
BMT Baş Assambleyasının toplantısı ərəfəsində aparılan diplomatik təmaslar diqqət çəkib. Ukrayna Prezidenti Volodimir Zelenski İrlandiyanın Şennon hava limanında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Retkliff ilə görüşüb.
Mövzu ilə bağlı siyasi şərhçi Bəhruz Quliyev "İnformator.az"a bildirib ki, ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Retkliff ilə Zelenskinin görüşü heç də təsadüfi deyil:
"Yer-məkan görüş üçün əhəmiyyətlidir. Məhz diplomatiyada bunun xüsusi mənası var. Burada bir neçə istiqamət üzrə danışıqlar ola bilər. Bir müddət öncə CIA direktoru rusiyalı həmkarı ilə görüşüb. Ola bilsin ki, bu görüş həmin danışıqların nəticələrinə uyğun olaraq Zelenskini məlumatlandırmaq və bəzi məsələlərlə bağlı ondan məlumat, cavab almaq xarakteri daşıyır".
Siyasi şərhçi bildirib ki, ABŞ prezidenti Donald Trampın ukraynalı həmkarı Zelenski ilə görüşü gözlənilir:
"Bu görüşün detalları Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri ilə müzakirə oluna bilər. Bu hadisə göstərir ki, Rusiya-Ukrayna arasında danışıqlar kanalı açıqdır və bu prosesdə ABŞ iştirakçı, bilavasitə vasitəçidir. Kəşfiyyat orqanlarının prosesdə iştirakı göstərir ki, burada məxfi məlumatlar və təhlükəsizliklə bağlı müxtəlif detallar var. ABŞ Rusiya və Ukrayna arasında danışıqlar prosesində iştirak edir. Diplomatik və siyasi kanallardan əlavə, təhlükəsizlik kanalları da mövcuddur. Məxfi orqanlar da prosesə qoşulub və onların məlumatları əsasında danışıqlar davam etdirilir".
Mehriban Yariyeva