Zelenski: Rusiyanın ballistik hücumlarının qarşısı alınmalıdır
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Ukraynaya ballistik raket və dronlarla intensiv hücumlarını davam etdirir. Onun sözlərinə görə, son bir həftədə ölkəyə 100-ə yaxın raket, 1630 aviabomba və 1700 dron buraxılıb. Zelenski tərəfdaş ölkələri Ukraynaya antiballistik müdafiə sistemlərini vaxtında çatdırmağa çağırıb.
Mövzu ilə bağlı politoloq Taleh Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, təəssüflər olsun ki, Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti bu gün də tam miqyası ilə davam edir:
“Ukraynadan fərqli olaraq Rusiya üçün Ukrayna ərazisinin bütün nöqtələri meşru hədəf kimi qəbul olunur və xüsusilə də mülki əhalinin yaşadığı ərazilər və mülki infrastrukturlar da Rusiya vasitəsilə atılan raketlərin və dron hücumlarının əsas hədəfləri olaraq qalmaqda davam edir.
Ukrayna isə Rusiyaya qarşı apardığı, daha doğrusu, atdığı dron və artilleriya zərbələrindən Rusiyanın daha çox sinir uclarını məhv etməklə məşğuldur. Müharibənin ilkin dövrlərində Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisində daha çox hərbi təyinatlı obyektləri-zavodlar, logistika məntəqələri, dəmir yolları, körpülər və hərbi hissələri hədəf alırdısa, sonrakı mərhələdə bu səviyyə Rusiyanın strateji sənaye obyektləri olan neft, qaz və kimya zavodlarının, təchizat bölmələrinin də vurulmasını əhatə edib. Son günlərdə isə biz Ukrayna vasitəsilə Rusiyadakı iri ticarət obyektlərinin də vurulması ilə, əslində, Rusiya daxilində xalqın Rusiya hakimiyyətinin apardığı işğalçılıq siyasətinə dur deməsi məqsədinin dayandığına şahid oluruq. Amma Rusiya isə Ukrayna xalqının dinc şəraitdə yaşadığı əraziləri vurmaqla, həm də XXI əsrdə müharibə cinayətləri seriyasını günü-gündən zənginləşdirməklə məşğul olur.
Düşünürəm ki, bundan sonra da Qərb ölkələrinin Ukraynaya dəstəyi iki istiqamətdə davam edəcəkdir. Birincisi: Ukraynaya maliyyə və texniki yardımların davam etdirilməsi, Ukrayna ordusunun modernləşdirilməsi istiqamətində olan dəstək. İkincisi: Rusiyaya qarşı sanksiyalar seriyasının genişləndirilməsi və Rusiya ilə əməkdaşlığın daha da məhdudlaşdırılması.
Xüsusilə də Rusiyaya valyuta axınını, müharibəni maliyyələşdirməyə gətirib çıxaran strateji məhsulların alınmasını dayandırmaqla və Rusiyaya yönələn texnoloji inkişafına şərait yaradan Qərb mənşəli üsulların Rusiya satışını dayandırmaqla Ukrayna Prezidenti Volodimir Zelenskinin bu çağırışına dəstək olmaqda davam edəcəklər.
Amma təəssüflər olsun ki, bir nüvə dövləti olan Rusiyanı dərhal apardığı bu işğalçılıq müharibəsindən çəkindirmək bir o qədər də asan və rahat məsələ olmadığına görə hələ bu müharibənin bir müddət də davam edəcəyi gözləniləndir və qarşısının alınması mümkünsüz görünür. Amma son aylar ərzində Ukrayna tərəfinin cəbhədə əldə etmiş olduğu hərbi və psixoloji üstünlük onu deməyə əsas verir ki, bu müharibə bir müddət davam edərsə, Rusiya ərazisində xalqla rejim arasındakı münasibətlərin daha da korlanmasına və bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinin də eyham vurduğu məsələnin gerçəkləşməsi baş verə bilər. Söhbət daxildə narazılığın artması və bununla da rejim lə xalq arasında uçurumun dərinləşməsi prosesinin start götürməsindən gedir”.
Mələk Hüseynova