Zelenski Uitkoff və Kuşnerlə Ukraynada sülh məsələsini müzakirə edib
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə danışıqlar aparıb. Görüşdə tərəflər sülh prosesinin növbəti mərhələlərini müzakirə ediblər. Zelenski isə nəticə əldə olunmasında ABŞ-nin mövqeyinin vacibliyini vurğulayıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov Zelenskinin Trampın nümayəndələri ilə apardığı danışıqların hər hansı nəticə verməsinin qeyri-mümkün olduğunu qeyd edib:
“Ortada yeni plan yoxdur. Trampın təklif etdiyi planı yenidən Zelenskiyə qəbul etdirməyə çalışırlar. Bu da Rusiyanın tələbləri ilə üst-üstə düşür. Əsas tələb, təbii ki, Donetsk vilayətinin tamamilə Rusiyaya təhvil verilməsidir. Zelenski isə bunu indiyə qədər qəbul etmir. Ancaq burada bir məsələ var. Ötən ilin avqustunda bu təkliflər irəli sürüləndə Donetskin təxminən 25 faizi Ukraynanın nəzarətində idi. İndi isə Putin bəyan edir ki, vilayətin 10 faizindən bir qədər çoxu Ukraynanın nəzarətindədir”.
Politoloq qeyd edib ki, Zelenski güzəştə getmək istəmir. Onun sözlərinə görə, əsas məqsəd Zelenskiyə təzyiq göstərməkdir. Bundan əvvəl bu təzyiqlər Mayamidə göstərilib, indi isə eyni xətt Ukraynada, Kiyevdə davam etdirilir. Hazırkı vəziyyətdə bunun nəticə verməsi qeyri-mümkündür. Ancaq Zelenski bu təzyiqlər qarşısında uzun müddət dayanmaqda çətinlik çəkəcək. Rusiyanın mövqeləri isə xeyli möhkəmlənib.
Müsahibin sözlərinə görə, qarşıda Tramp, Putin və Çin liderinin görüşü baş tutarsa, Rusiyanın mövqeyi daha da möhkəmlənəcək:
“Çünki Çin də Rusiyapərəst mövqe tutur. Hazırda sülh sazişinə nail olmaq qeyri-mümkündür. Yəqin ki, ilin sonuna qədər Zelenski sülh sazişinə imza atmağa razı olmayacaq. Ancaq vəziyyət ağırlaşır. Üstəlik, onun korrupsiya ilə bağlı çox ciddi problemləri var. Çox təəssüf ki, Zelenski də, onun yaxın ətrafı da korrupsiya içində boğulurlar. ABŞ də bu amildən şantaj vasitəsi kimi istifadə edir. Təəssüf ki, təzyiqlər yalnız Zelenskiyə göstərilir”.
Nəticə olaraq, politoloq bildirib ki, mövcud vəziyyət Rusiya üçün əlavə imkanlar yaradır:
“Sanksiyaların götürülməsi və ya bir müddət dayandırılması Putinin imkanlarını xeyli artırıb, mövqelərini möhkəmləndirib. Bu da danışıqlarda sülhə nail olmağa mane olur. Tələblər günü-gündən artır, yeni ərazilər işğal olunur. Zaporojyedə, Xarkovda və Donetskdə Rusiya xeyli irəliləyib. Bu da Rusiya rəhbərliyinin iştahını xeyli artırıb və danışıqlarda əlavə problemlər yaradıb”.
Fidan Alışova