Zelenski Ukraynanın Rusiya ilə razılaşma müqabilində Donbası verməyəcəyini bildirib
Ukrayna Prezidenti Volodimir Zelenski Donbasın Rusiya ilə sülh razılaşması müqabilində təhvil verilməsini qəbul etməyəcəklərini bildirib.
Zelenski bu barədə Danimarkanın “DR Nyheder” nəşrinə müsahibəsi zamanı danışıb. Onun sözlərinə görə, ABŞ tərəfi Donbasın NATO-ya bənzər təhlükəsizlik zəmanətləri müqabilində verilməsi təklifini irəli sürüb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi ekspert Tofiq Abbasov bildirib ki, Moskvanın Donbasla bağlı təkidləri və tələbləri təsadüfi deyil, bunun tarixi kökləri var:
“Donbasla bağlı Moskvanın təkidləri, sonra tələbləri təsadüfi deyil, oranın tarixi kökləri var. Məsələn, vaxtilə Sovet hökuməti, bolşevik hökuməti Donbası bütövlüklə Ukraynaya bəxş etdi, çünki Ukraynanın fəhlə sinfi yox idi. Nə fəhlə sinfi, nə də elmi potensialı var idi. Yəni orada yalnız kənd təsərrüfatı güclü idi, aqrar sektor inkişaf etmişdi. Əslində, Sovet hökuməti də çalışırdı ki, bu respublikanı süni surətdə böyütsün, onu canlandırsın və Sovet dövlətinin aparıcı respublikalarından, yaxud regionlarından birinə çevirsin. Ona görə də indi Moskvanın bu tələblə çıxış etməsi məhz belə bir işarədir: vaxtilə biz onu sizə vermişdik, indi isə öz torpaqlarımızı geri almaq istəyirik. Elə yeri gəlmişkən, Luqanskı, sonra isə Xarkovu da Sovetlər həmin dövrdə Ukraynaya vermişdilər ki, ölkənin elmi və texniki potensialı artsın, Ukrayna yeni inkişaf mərhələsinə qədəm qoysun. Əgər əvvəldən Moskva təkidlə bildirirdisə ki, verməsəniz, Donbası hücum yolu ilə, güc tətbiq etməklə sizdən alacağıq, bu, artıq dolaşıq məsələyə çevrilib. Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp da bilir və anlayır ki, əgər Moskva bu məsələni ciddi şəkildə gündəmə gətirirsə, deməli, bu, onun tələbidir və ondan geri çəkilməyəcək. Bu baxımdan, Donald Tramp özü də Ukraynaya təzyiq göstərərək Volodimir Zelenskinin bu məsələ ilə bağlı artıq razılığa gəlməsini, kompromisə getməsini istəyir. Rusiya Donbası da götürdükdən sonra, demək olar ki, dörd əsas region artıq Rusiyanın tərkibinə keçmiş olacaq. Düşünmürəm ki, bundan sonra Moskva Donbasdan istifadə edərək yeni hücumlara keçsin”.
Həmçinin Tofiq Abbasov qeyd edib ki, müharibə həqiqətən də hər iki tərəfi taqətdən salıb və tərəflərdə yorğunluq hiss olunur:
“Müharibə bitdikdən sonra bunların münasibətləri bərpa olunmalıdır, çünki bunlar qonşu dövlətlərdir. Düzdür, indi Rusiya təkidlə bildirir ki, NATO-nun orada izi-tozu olmamalıdır. Rəsmi Kiyev də bunu yaxşı başa düşür ki, NATO amili Rusiya üçün qıcıq mənbəyidir. Digər tərəfdən, bu, sanki öküzün qarşısında qırmızı parça göstərməyə bənzəyir və onun gözünü qanla doldurur. Ona görə də Rusiya üçün NATO-nun sərhədlərinə, xüsusilə də Rusiya sərhədlərinə yaxınlaşması qəbuledilməzdir. Faktiki olaraq, burada müharibənin yenidən başlaması və ya Rusiyanın Donbasdan platforma kimi istifadə edərək yeni hücumlara keçməsi qeyri-mümkündür. İndi müharibə elə bir həddə çatıb ki, hər iki tərəfin taqəti, demək olar, minimum səviyyəsindədir. Çünki bir tərəfdən çoxlu silah-sursat sərf olunur, digər tərəfdən isə Ukraynanın vəziyyəti bir qədər daha kritikdir. Onlar sanki etibarnamə ilə müharibə aparırlar. Digər tərəfdən, Qərbin dəstəyi olmasa, Ukrayna açıq şəkildə bildirir ki, tükənib, ona həm maliyyə vəsaiti, həm də silah-sursat lazımdır. Ona görə də Donbas məsələsi öz həllini tapsa, hər iki tərəf bir qədər sakitləşəcək. Donbasın 80-85 faizi, səhv etmirəmsə, artıq Rusiyanın nəzarəti altındadır. Söhbət qalan 15 faizdən gedir. Əgər həmin 15 faiz Ukrayna üçün belə strateji əhəmiyyət daşıyırsa, o zaman Kiyev heç bir vəchlə bu ərazini vermək istəməyəcək. Amma belə görünür ki, artıq bıçaq sümüyə dirənib və istər-istəməz geri çəkilməli, bir addım arxaya atmalı olan tərəf Ukrayna olacaq. Çünki Rusiyanın imkanları onsuz da genişdir. Düşünmürəm ki, onlar Ukraynanın daha təsirli zərbələr endirməsi üçün istehkamlardan və bu kimi vasitələrdən istifadə edəcəklər”.
Bunlarla yanaşı, ekspert vurğulayıb ki, almanlar və fransızlar əsrlər boyu davam edən müharibələrdə iştirak ediblər. Onlar da qanlı döyüşlər keçirib, çoxsaylı insan itkiləri verib, dağıntılarla və ümidsizlik mühiti ilə üzləşiblər.
“Ümidsizliyə baxmayaraq, indi görürük ki, iki ölkə arasında, demək olar ki, sərhəd yoxdur. Düzdür, əvvəllər Avropa İttifaqı mövcud deyildi, amma hər halda bu, tarixin reallığıdır və onlar bundan istifadə edirlər. Birgəyaşayış məsələsi onsuz da qaçılmazdır. Biz öz bölgəmizdə də bunu görürük. İndi ermənilər, düzdür, çox qeyri-adekvat münasibət bəsləyirlər. Onlar ümumiyyətlə özləri də bilmirlər nə istəyirlər. Digər tərəfdən, subyektivliyini itirmiş ölkədir və ona görə də onlara kim nə istəyirsə, onu da sırıyır. Amma burada söhbət Ukraynadan və Rusiyadan gedir. Bu ölkələrin, əlbəttə ki, gələcəklə bağlı planları olmalıdır və ilk növbədə xalqları sülhə hazırlamalıdırlar. Çünki sülh şəraitinə qayıtsalar, hər iki ölkə üçün böyük imkanlar yaranacaq. Onlar ömrü boyu ticarət əlaqələri qurub, bir-birlərini ixrac-idxal əməliyyatları vasitəsilə təmin ediblər. Nəhayət, təcrübə göstərir ki, ən əlverişli inteqrasiya həmişə bilavasitə qonşular arasında baş tutur. Diplomatik təmaslar onsuz da bərpa olunmalıdır. Çünki əvvəllər də səfirliklər və səfirlər həm Moskvada, həm də Kiyevdə fəaliyyət göstərirdi. Yenidən həmin formata qayıtmaq lazımdır. İndi bilmirəm, sərhədlərin konfiqurasiyası necə olacaq. Əlbəttə ki, Ukraynanın daha çox itkiyə məruz qalması ehtimalı yüksəkdir və onların başqa çıxış yolu olmayacaq. Çünki onlar artıq həddən artıq yorulublar. Digər tərəfdən, onların yerinə heç kəs gəlib burada vuruşmayacaq. Bir də ki, Avropa indi Rusiyanın enerji daşıyıcılarından birdəfəlik imtina etdiyini bildirirsə, bu, həqiqətə oxşamır. Çünki müharibə davam etdikcə, Avropa ölkələri Ukraynaya mənəvi dəstək verməyə, onu ayaqda saxlamağa çalışırlar. Amma məsələ burasındadır ki, ən çox ehtiyac duyan elə Avropa ölkələrinin özüdür, Avropa İttifaqının özüdür. Gələcəkdə Ukrayna ərazisi Rusiya tərəfindən istismar olunacaq və Ukrayna bundan qazanacaq. Müharibələr onsuz da əvvəl-axır dayanır, amma sonda yenidən praqmatik münasibətlərə qayıtmaq lazımdır”.
Ayşə Cəfərova