00:00:00
Yazar
Zəhra Həsənova
22.09.2026 22:32 17 2 dəq oxuma
Siyasət

Zelenski və Retkliffin qeyri-rəsmi görüşündə hansı məsələlər müzakirə olunub? - AÇIQLAMA

Zelenski və Retkliffin qeyri-rəsmi görüşündə hansı məsələlər müzakirə olunub? - AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin  direktoru Con Retkliff arasında İrlandiyanın Şennon hava limanında qeyri-rəsmi görüş baş tutub. Təyyarələrə yanacaq doldurulması zamanı keçirilən qısa görüş tərəflərin hansı məsələləri müzakirə etdiyi ilə bağlı suallar yaradıb. 

 

 

Siyasi şərhçi Rəşad Bayramov "İnformator.az"a bildirib ki, görüşü təsadüfi təmas kimi qiymətləndirmək olmaz: 

 

“Hər nə qədər ayaqüstü görüş olsa da, düşünmürəm ki, bu, təsadüfi baş verən bir görüş olsun. Təbii ki, görüşün zəruriliyi var idi və bu görüş də keçirildi”.

 

Bayramov qeyd edib ki, tərəflərin konkret nələri müzakirə etdiyi açıqlanmasa da, hadisələrin ümumi gedişindən müəyyən ehtimallar irəli sürmək mümkündür: 

 

“Bundan bir müddət əvvəl həmin kəşfiyyat rəhbərinin Rusiyaya səfəri olub və xüsusi xidmət orqanları ilə görüş keçirilib. Bu baxımdan Rusiyanın bundan sonrakı addımları, Tramp, Zelenski və Putin arasında üçtərəfli görüşün keçirilməsi ehtimalı, eləcə də Rusiya tərəfinin ata biləcəyi addımları ABŞ-nin necə qiymətləndirməsi müzakirə olunan məsələlər sırasında ola bilər”.

 

Siyasi şərhçi vurğulayıb ki, Zelenski ilə görüşdə Ukraynanın bundan sonrakı addımları və Rusiyanın hücumları fonunda Kiyevin mövqeyi də müzakirə edilmiş ola bilər:

 

 “Böyük ehtimalla Rusiya tərəfinin mesajları Zelenskinin diqqətinə çatdırılıb, həmçinin Ukraynanın müdafiəni hansı həddə qədər davam etdirəcəyi və bundan sonra hansı addımları ata biləcəyi ilə bağlı fikir mübadiləsi aparılıb”.

 

Ekspert əlavə edib ki, görüşün Zelenskinin BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirakı ərəfəsində baş tutması da diqqət çəkir:

 

 “Bu qısa təmasda Zelenski ilə Trampın görüşündə müzakirə oluna biləcək məsələlər, Ukraynanın kompromislərə və güzəştlərə nə qədər hazır olması, həmçinin ABŞ-nin verə biləcəyi təhlükəsizlik zəmanətləri ilə bağlı fikir mübadiləsi aparılması mümkündür”.

 

Mehriban Yariyeva

#baki #olunub? #açiqlama #qeyri-rəsmi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər