ABŞ-ın çip sənayesi bu səbəbdən bir gündə yarım trilyon dollar itirdi
Bölmə: Dünya › ,Tarix: 13:27 19.07.2024
ABŞ-ın Çinə göndərdiyi yarımkeçirici texnologiyasına əlavə ixrac məhdudiyyətləri və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampın iri çip istehsalçısı Tayvanla bağlı sərt açıqlamalarından sonra dünyanın ən böyük çip şirkətləri bir gündə yarım trilyon dollar dəyər itirib.
Smartfonlar, kompüterlər, avtomobillər, müdafiə texnologiyaları və ağ əşyalar kimi həyatın bir çox sahəsində istifadə edilən çipləri istehsal edən şirkətlər ABŞ və Çin arasındakı gərginlikdən mənfi təsirlənir.
İki ölkə arasında gərginliyi artıran son addım, ABŞ prezidenti Co Bayden administrasiyasının şirkətlərin Çinə qabaqcıl yarımkeçirici texnologiyalarına çıxış imkanı verməyə davam edəcəyi təqdirdə müttəfiqlərinə mümkün olan ən sərt ticarət məhdudiyyətlərini tətbiq etmək planları olub.
ABŞ administrasiyası “Tokyo Electron və ASML Holding NV kimi şirkətlər Çinə qabaqcıl yarımkeçirici texnologiyasına çıxışı təmin etməyə davam edərsə, ən ciddi ticarət məhdudiyyətlərindən istifadə etməyi düşünür” mesajını çatdıranda çip bazarları sarsıldı.
TRAMPIN BƏYANATLARI İTKİLƏRİ SÜRƏTLƏNDİRDİ
Həmin gün ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampın dünyanın ən böyük qabaqcıl çiplərini istehsal edən Tayvanla bağlı sərt açıqlamaları çip şirkətlərinin səhmlərindəki itkiləri sürətləndirib.
Tramp Tayvanın ABŞ-da yarımkeçirici sənayesinin "demək olar ki, hamısını" ələ keçirdiyini ifadə edərək, "Onlar bizim bütün çip biznesimizi ələ keçirdilər, çox zəngindirlər. Düşünmürəm ki, sığorta polisindən heç bir fərqimiz yoxdur" dedi.
Tramp deyib ki, Tayvanın ABŞ-a töhfəsi yoxdur və ABŞ-a müdafiə üçün pul ödəməlidir.
Eyni gündə gələn bu iki açıqlama, çip sənayesində fəaliyyət göstərən şirkətlərin səhmlərinin bir gündə 500 milyard dollar itirməsinə səbəb oldu.
Hollandiyanın çip istehsalı texnologiyaları şirkəti ASML-in ABŞ-da olan səhmləri dünən yüzdə 11,1 dəyər itirib.
Süni intellekt texnologiyalarına fokuslanan ABŞ-da yerləşən çip istehsalçısı Nvidia-nın səhmləri bu iki sərt açıqlamadan sonra dünən yüzdə 6,5 dəyər itirib. Təxminən 3,3 trilyon dollarla dünyanın ən dəyərli şirkətlərindən biri olan Nvidia, səhmlərindəki enişdən sonra təxminən 200 milyard dollar itirdi.
Bazar dəyəri 700 milyard dollardan çox olan Tayvanda yerləşən yarımkeçirici istehsalçısı TSMC-nin səhmləri də təxminən 8 faiz ucuzlaşıb.
ABŞ-ın çip istehsalçısı AMD-nin səhmləri 10,2 faiz ucuzlaşıb.
Bazar dəyəri 200 milyard dolları keçən ABŞ çip istehsalçısı Qualcomm-un səhmləri 8,6 faiz, Micron 6,3 faiz, Broadcom isə 7,9 faiz dəyər itirib.
ABŞ fond birjalarında satılan Britaniyanın yarımkeçirici və çip dizayn şirkəti ARM Holdinqin səhmləri də dəyərinin 9,5 faizini itirib.
Mənbə: Haber Türk
Tərcümə etdi: Aysel Ağakərimova