Depressiyanı necə tanımaq və mübarizə aparmaq olar ?-RƏY

Bölmə: Sosial › ,
Tarix: 21:33 08.08.2024

Bu gün dünyada tez-tez rast gəlinən əsas problemlərdən biri depressiyadır. Depressiya  ümumi psixi sağlamlıq problemidir. Hər 100 insandan 10-u depressiyadan əziyyət çəkir.

İnsanlar depressiyanı necə tanımalı və onunla necə mübarizə aparmalı mövzusunda psixoloq Aygün Cəfərova "informator.az"a açıqlama verib. Psixoloq qeyd edib ki, depressiyada olan insanlar sanki fiziki olaraq var olurlar, amma ruhən yaşamırlar:

"Depressiv simptomlar insanda 6 ay davam etməlidir ki, həkim depressiya diaqnozu qoysun. Psixoloqun depressiya diaqnozu qoymağa ixtiyarı yoxdur. Bu diaqnozu ancaq psixiatr qoyur. Psixiatr və psixoloq bu istiqamətdə paralel işləyirlər. Depressiyada olan insanın həyat tərzi tamamilə dəyişir. Depressiya insanların yuxu rejiminə, qidalanmasına təsir göstərir. Normadan artıq qidalanma, normadan artıq yuxuya meyillilik yaranır və ya bunların tam əksi də ola bilir. İnsanın maraq dairəsində dəyişiklik yaranır. Əvvəl maraqlı olan hər hansı bir obyektlər indi tamamilə dəyişir, artıq insanı maraqlandırmır. Həzz alma qabiliyyətlətini itirirlər. Yeməkdən, məşğuliyyətdən, işdən, ümumiyyətlə yaşamaqdan həzzi itirirlər. Sanki insanlar fiziki olaraq var olurlar, amma ruhən yaşamırlar".

Aygün Cəfərovanın sözlərinə görə, depressiyada olan insana bu diaqnoz qoyulubsa, peşəkar dəstək almağı mütləq vacibdir:

"Təkcə peşəkar dəstək yox ailə dəstəyi də vacibdir. Terapiya ilə paralel insanın həyat tərzi dəyişməlidir. Təbii ki, bu diaqnozun qoyulduğu insan tək bacara bilməz. Bu bəzi hallarda ola bilər. Mütləq şəkildə dəstək lazımdır. Çünki insanın həm fizioloji vəziyyəti, həm emosional vəziyyəti, həm də hormonal balansı qarışmış  olur. Bəzən insan özünü aldadır deyir "yaxşıyam". Amma o enişlər yenə ola bilir. Ona görə, ailə dəstəyi, peşəkar yardım, həkim müayinəsi vacibdir".

 



Zeynəb Mustafazadə