Putinin ərazi ambisiyası böyüyür -Hədəf bütün ölkəni işğal etməkdir

Bölmə: Siyasət › ,
Tarix: 00:30 02.07.2025

Rusiya lideri Vladimir Putinin bəyanatları Kremlin Ukraynada artıq işğal olunmuş Krım və dörd regiondan kənara çıxan daha geniş ərazi ambisiyalarını ortaya qoyur.


Mövzu ilə bağlı “İnformator.az”a politoloq Natiq Miri bildirir ki, hazırda Ukrayna, Avropa Birliyi, yəni Qərb dünyası, o cümlədən NATO səviyyəsində yardımların olunması təxminən bu kontekstdədir:

 

“Dolayısı ilə bu Şərq cinahının möhkəmləndirilməsi və Rusiyanın dayandırılmasına xidmət edir. Çünki Ukrayna ərazilərinin işğalı artıq Şərqi Avropa ölkələrinə birbaşa təhlükə törədir. Polşa, Rumıniya, Bolqarıstan kimi dövlətlər təhlükə altına girir. Buda NATO-nun səlahiyyətləri qoruması altında olan ölkələrdir. Ona görə bu yöndə addımlar atılır. İstər Rumıniyada, istər Polşada NATO çox ciddi təhlükəsizlik tədbirləri görüb. Ancaq bu gün Rusiyanın indiki zəif durumunda Rusiyanın birbaşa NATO ya təhlükə törətmə ehtimalı yalnız sözdədir. Çünki Rusiyanın belə bir imkanı məhduddur və belə bir vəziyyətdə Rusiya heç bir vəchlə NATO ilə birbaşa münaqişəyə girmək istəməz”.


Həmçinin şərhçi qeyd edib ki, Ukrayna daha böyük ərazilər itirərsə və işğala məruz qalarsa Rusiya birmənalı olaraq bu müharibədən qalib çıxarsa, Rusiya özünün imperiya siyasətini davam etdirməyə çalışacaq:

 

“Rusiyanın son təzyiq xarakterli addımları da bunu ortaya qoyur. Fikir verirsinizsə, müxtəlif səviyyədə postsovet ölkələrinə diktə etməyə, Rusiyanın bütün geosiyasi və geoiqtisadi maraqlarını nəzərə almağa məcbur etmək istəyirlər. Azərbaycanlıların Rusiyada vəhşicəsinə döyülərək öldürülməsi hadisəsi də bu siyasətin tərkib hissəsidir. Çünki Azərbaycanın müstəqil bir siyasət, yəni Rusiyanın maraqlarını nəzərə almadan özünün milli maraqları kontekstində müstəqil siyasət yürütməsi Rusiyanı narahat edir. Ayrıca Azərbaycanın beynəlxalq hüquq və ədalətli davranışı, bir də Ukrayna ilə münasibətlərdə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi, əlbəttə, Rusiyanı qıcıqlandırır. Buna görə də Ukraynaya necə böyük bir təhlükə, təhdid varsa, eynən əmin olun ki, əgər Rusiya qalib çıxarsa, digər postsovet ölkələrinə də böyük təhlükə törətməyə davam edəcək”.

 

Son olaraq politoloq Ukraynanın hazırkı müdafiə potensialından danışıb:

 

“Ukraynın hazırki müdafiəsi daha çox xaricdən olunan yardımlara bağlıdır. Bilirsiniz ki, müdafiə olunmaq üçün böyük hərbi potensiala, strateji silahlara ehtiyac var ki, bu silah və sursatların istehsalını Ukrayna birbaşa həyata keçirə bilmir. Yəni bombardman dağıdılmış, şəhərlər kontekstində istehsalı tam təmin etmək mümkün deyil. Çünki Ukrayna iqtisadiyyatı zərər görüb və Ukrayna büdcəsi bu gün buna imkan vermir. Ona görə də Qərb dünyasının, Avropa Birliyinin, Amerika Birləşmiş Ştatlarının və digər Ukraynaya yardım edən dövlətlərin yardımı olmasa, Ukrayna sözsüz ki, indiki hücumların qarşısında dayana bilməz. Buna görə də düşünürəm ki, özlərinin təhlükəsizliyi və geosiyasi maraqları nəzərə alaraq Ukraynanı müdafiə etmək məcburiyyəti yaranıb və bunu Qərbdə Avropa Birliyində çox gözəl anlayırlar. Onu da anlayırlar ki, Rusiya Ukraynada dayandırılmasa perspektivdə, yəni gələcəkdə Rusiyanın iştahı daha da arta, hətta NATO üzvü olan bəzi ölkələrə, o cümlədən Baltikyani, hətta Skandinaviya ölkələrinə, Polşa və digər ölkələrə hücum edə bilər. Buna görə də bu gün Ukraynanın müdafiə olunması, dolayısı ilə həm də Avropa Birliyinin qorunması, təhlükəsizliyi anlamına gəlir. O baxımdan düşünürəm ki, bu yardımlar davamlı olacaq. Ancaq bu, sadəcə silah və sursatların istehsal olunaraq Ukraynaya göndərilməsi ilə məhdudlaşmayacaq. Perspektivdə düşünürəm ki, bu silahları istehsal edəcək birgə müəssisələr məhz Ukrayna ərazisində qurulacaq ki, bu da məhz yerli istehsal vasitəsilə zaman itkisi olmadan birbaşa Ukraynanın özündə istehsal olunmaqla cəbhəyə göndəriləcək ki, bu da Ukraynanın hərbi silah sursat istehsalında ordunun güclənməsi deməkdir”.

 

Aysel Mirzəyeva